Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Samara vilayətində yerləşən “Wildberries” şirkətinin anbarına zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev “Telegram” kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, hadisə yerinə operativ xidmətlər cəlb olunub.
“Wildberries & Russ” şirkətinin mətbuat xidməti isə hücum nəticəsində anbarda yanğın baş verdiyini açıqlayıb. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.
Şirkətdən bildirilib ki, logistika zənciri yenidən təşkil olunub, malların qəbulu və sifarişlərin göndərilməsi digər logistika mərkəzləri vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə iyulun 18-də Moskva vilayətinin Elektrostal şəhərində və Tambov vilayətinin Kotovsk şəhərində yerləşən “Wildberries” anbarlarına zərbələr endirmişdi.
Məlumata görə, həmin vaxtdan bəri davam edən hücumlar nəticəsində şirkətin ümumi logistika gücünün azı 8 faizi, yəni 444 min kvadratmetr sahə fəaliyyətini dayandırıb.

