İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ-yə sərt xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, İbrahim Rezai “X” sosial şəbəkəsində ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələri ilə bağlı paylaşım edib.
O bildirib ki, İran hücuma məruz qalacağı təqdirdə buna sərt cavab verəcək.
“Onlar düşünürlər ki, bazarın bağlı olduğu iki gün ərzində bizə sürətli və həlledici zərbə endirə, İranı təslim olmağa məcbur edə bilərlər. Bu, Netanyahunun Trampa təlqin etdiyi bir illüziyadır”, – deyə Rezai yazıb.
İran rəsmisi əlavə edib ki, ölkəsinə hücum ediləcəyi halda Tehran regionda genişmiqyaslı cavab tədbirləri həyata keçirəcək.
“İrana zərbə endirilərsə, biz bütün regionu və onun infrastrukturunu Daş dövrünə qaytaracağıq”, – o bildirib.
Rezai vurğulayıb ki, mümkün hücuma cavab yalnız Fars körfəzi regionu ilə məhdudlaşmayacaq.
“Düşmənin mümkün hücumuna cavabımız yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq. Biz düşmənin bütün bazalarını və hücumun mənbəyini, harada yerləşməsindən asılı olmayaraq, hədəf alacağıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu açıqlamalar ABŞ və İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatlarla bağlı yayılan xəbərlər fonunda səsləndirilib.

