Moskva Ermənistanın boykot etdiyi KTMT-ni necə yeniləmək etmək istəyir?
Rusiyanın “Svobodnaya Pressa” nəşri Moskvanın Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərini yenidən nəzərdən keçirmək qərarını postsovet məkanında yeni hərbi-siyasi konfiqurasiya ehtimalı fonunda təhlil edib.
Musavat.com xəbər verir ki, nəşrin danışdırdığı ekspertlər KTMT-nin transformasiyasından, daha geniş təhlükəsizlik mexanizminin yaradılmasından və bu prosesdə Çinin mümkün iştirakından bəhs ediblər. Təhlildə Azərbaycanın adı da xüsusi kontekstdə çəkilir.
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın şərtlərinə yenidən baxılması barədə göstəriş verib. “Svobodnaya Pressa”nın yazdığına görə, bu addım Moskvanın Mərkəzi Asiyada hərbi-strateji təsirini gücləndirmək siyasətinin davamı kimi qiymətləndirilə bilər. Rusiya ilə Qazaxıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş 2013-cü ildə, Özbəkistanla analoji sənəd isə 2016-cı ildə imzalanıb. Bu sənədlər silah və hərbi texnika tədarükü, hərbi təyinatlı məhsulların mübadiləsi, texnologiyaların ötürülməsi, silahların təmiri və modernləşdirilməsi, birgə elmi araşdırmalar və hərbi kadrların hazırlanmasını nəzərdə tutur.

Qazaxıstan artıq Rusiyadan Su-30SM qırıcıları, Mi-171Ş və Mi-35M helikopterləri, “Buk-M2E” zenit-raket kompleksləri və müxtəlif zirehli texnika əldə edib. 2015-ci ildə Moskva Astana ilə vahid regional hava hücumundan müdafiə sistemi yaratmaq proqramı çərçivəsində beş S-300PS zenit-raket sistemini də təmənnasız verib. Özbəkistan da Rusiyanın hərbi sənayesinin əsas tərəfdaşlarından biridir. Daşkənd 2017–2019-cu illərdə Rusiyadan 12 Mi-35M helikopteri alıb, təxminən 30 MiQ-29 qırıcısını modernləşdirib. Tərəflər həmçinin Su-30SM qırıcılarının və digər hərbi texnikanın tədarükünü müzakirə ediblər.
“Svobodnaya Pressa”nın sualını cavablandıran politoloq Boqdan Bezpalkonun fikrincə, Rusiya KTMT-nin rolunu müəyyən qədər yenidən nəzərdən keçirərək ikitərəfli hərbi müqavilələrə daha çox üstünlük verə bilər. Ekspertin fikrincə, Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlığın yenilənməsi Rusiyanın hərbi sənaye məhsullarının ixracını genişləndirməsi və tərəfdaş ölkələrə daha müasir silah sistemləri təqdim etməsi ilə bağlıdır.Burada diqqətçəkən məqam Özbəkistanın KTMT üzvü olmamasıdır. Qazaxıstan isə təşkilatın üzvüdür və Rusiya ilə hava qüvvələri və hava hücumundan müdafiə sistemlərinin birgə istifadəsinə dair ayrıca razılaşmaya malikdir. Bu vəziyyət Moskvanın yalnız KTMT çərçivəsində deyil, ondan kənarda da hərbi-strateji əlaqələr sistemi formalaşdırmağa çalışdığı barədə suallar yaradır.

“Svobodnaya Pressa”nın danışdırdığı digər ekspert – REU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev isə daha geniş prosesdən danışır. Onun sözlərinə görə, 2024-cü ildə Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitində təşkilata üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu açıqlayıb. Putin həmçinin ŞƏT-in antiterror strukturu əsasında təhlükəsizlik təhdidlərinə cavab verəcək universal mərkəz yaradılmasının mümkünlüyünü bildirib. Perenciyev hesab edir ki, həmin ideyalar artıq praktiki müstəviyə keçə bilər və gələcək mexanizmə Çin də qoşula bilər.
Beləliklə, söhbət yalnız KTMT-nin gücləndirilməsindən deyil, Rusiya, Mərkəzi Asiya ölkələri və potensial olaraq Çinin iştirak etdiyi daha geniş hərbi-strateji əməkdaşlıq modelindən gedə bilər.
Ekspertin fikrincə, prosesin əsas səbəblərindən biri regionda nəqliyyat dəhlizləri uğrunda artan geosiyasi rəqabətdir. Perenciyev müasir dünya siyasətini “geoiqtisadi müharibə” mərhələsi kimi xarakterizə edir. Onun fikrincə, dövlətlər artıq təkcə ərazilər və siyasi təsir uğrunda deyil, nəqliyyat və enerji marşrutlarına nəzarət uğrunda da rəqabət aparırlar. Bu kontekstdə Azərbaycanın adı xüsusi əhəmiyyət daşıyır.
Ekspert Rusiyanın həyati əhəmiyyətli hesab etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rusiya, Azərbaycan və İran üzərindən keçdiyini xatırladır. Dəhlizin Mərkəzi Asiya istiqamətində Qazaxıstan və Özbəkistanla əlaqələri var. Eyni zamanda bu marşrut Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü ilə də əlaqəlidir. Deməli, Mərkəzi Asiyada hərbi potensialın gücləndirilməsi təkcə Rusiyanın deyil, Çinin də iqtisadi maraqlarının təhlükəsizliyinə xidmət edə bilər.
Bu baxımdan Azərbaycan Moskvanın yeni regional təhlükəsizlik yanaşmasında dolayı, lakin mühüm həlqəyə çevrilir. Çünki Azərbaycan həm “Şimal-Cənub” dəhlizinin əsas ölkələrindən biridir, həm də Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat bağlantılarında strateji mövqeyə malikdir.
Moskvanın Qazaxıstanla hərbi əlaqələri gücləndirmək cəhdinin başqa bir səbəbi isə regionda Qərbin və Böyük Britaniyanın fəallığının artması ola bilər. “Svobodnaya Pressa”da qeyd olunur ki, Qazaxıstan 2025-ci ilin iyununda Böyük Britaniya ilə hərbi əməkdaşlıq haqqında saziş də imzalayıb. Belə şəraitdə Rusiyanın Astana ilə yeni hərbi-texniki əməkdaşlıq imkanları yaratması Moskvanın Qazaxıstanı öz hərbi-strateji orbitində saxlamaq cəhdi kimi də qiymətləndirilə bilər. Perenciyevin fikrincə, müasir silahların tədarükü uzunmüddətli siyasi və hərbi bağlılıq yaradır. Çünki silahların alınması ilə məsələ bitmir: onların istismarı, təmiri, modernləşdirilməsi və şəxsi heyətin hazırlanması üçün tədarükçü ölkə ilə uzunmüddətli əməkdaşlıq tələb olunur.
Qeyd edək ki, Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu, ölkəmizin Mərkəzi Asiya ilə artan nəqliyyat əlaqələri və regiondakı geosiyasi çəkisi onu mümkün yeni təhlükəsizlik və nəqliyyat arxitekturasının mühüm elementlərindən birinə çevirir. Başqa sözlə, Putin Qazaxıstan və Özbəkistanla hərbi əməkdaşlığı yeniləməklə yalnız iki ölkə ilə münasibətlərini möhkəmləndirmir. Moskva postsovet məkanında və Mərkəzi Asiyada yeni hərbi-strateji balans qurmağa çalışır. Bu balansın gələcək xəritəsində isə Azərbaycanın da adı görünür…
Musavat.com

