İran və ABŞ arasında gərginliyin fonunda Tehranın müharibənin gedişinə dair sərt mövqeyi regionda qarşıdurmanın perspektivləri ilə bağlı sualları artırır. İran tərəfinin hərbi və diplomatik imkanlarından istifadə edəcəyini bəyan etməsi, eyni zamanda ABŞ-ın itkiləri ilə bağlı açıqlanan rəqəmlər Yaxın Şərqdə vəziyyətin daha da mürəkkəbləşə biləcəyinə dair ehtimalları gündəmə gətirir. Belə bir şəraitdə İranın atacağı növbəti addımların münaqişənin müddətinə və regional təhlükəsizlik mühitinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir.
Siyasi analitik Turan Rzayev Editor.az-a açıqlamasında bildirib ki, əslində İranla Ukrayna dolayısı ilə illərdir müharibə aparır:

“Belə ki, İran “Şahid” dronlarını Rusiyaya satırdı və Rusiya bununla Ukraynanın dron üstünlüyünü müəyyən qədər balanslaşdırmışdı. Yəni əslində Rusiya tərəfindən Ukraynaya endirilən zərbələrin bir çoxunda “Şahid” dronları iştirak edib ki, bunlar da İrandan alınmışdı.
Bu baxımdan, əslində, indiki addım bir növ Ukraynanın da bu həmlələrə cavabıdır. Amma böyük ehtimalla, bu hücumlar Amerika Birləşmiş Ştatlarının istəyi ilə başlayıb. Vaşinqton faktiki olaraq İranı sıxışdırır və Xəzər dənizindən də, yəni necə ki, Ukrayna Rusiyanın Xəzər dənizindəki obyektlərini vura bilirdi, indi İrana da zərbələr endirərək bir növ Amerikaya dəstək verir. Əslində, bu dəstəyi verməyə məcburdur. Amerika Birləşmiş Ştatları əks təqdirdə Ukraynaya dəstəyi azalda bilər ki, buna Kiyev getmək istəmir. Hesab edirəm ki, bu baxımdan, bu proseslərin əslində indiki hala gəlməsi gözlənilən idi.
O ki qaldı İran tərəfinin buna cavab verib-verməyəcəyinə, bəli, böyük ehtimalla, bu cavablar da dronların Rusiyaya satışının daha da artırılması ilə nəticələnəcək. Hətta bəzilərini təmənnasız da verə bilərlər. İkinci, uzaq mənzilli raketlərlə Ukraynada hədəflər vurula bilər. Düzdür, bunun üçün lazımi texnologiyaya və yaxud da uzaq mənzilli raketlərə sahibdirlərmi, bunu hələ demək çətindir. Amma yəqin ki, Ukraynaya artıq İrandan da zərbələr endiriləcəyinin şahidi olacağıq”.
// Gülnarə Abasova, Editor.az

