Moskvadakı “Balzi Rossi” restoranının yaxınlığında baş verən qanlı partlayışla bağlı yeni və dəhşətli təfərrüatlar üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hücumun əsas hədəfi məhz həmin restoranda təşkil edilən və ciddi şəkildə qorunan qapalı tədbirin iştirakçıları olub. Məhz peşəkar mühafizənin sayıqlığı sayəsində daha böyük faciənin qarşısı alınıb.
Hadisənin təfərrüatlarına əsasən, restorana yaxınlaşan qadın kuryer qonaqlara içərisində “hədiyyə” olduğunu iddia etdiyi qutu təqdim etmək istəyib. Lakin ayıq-sayıq mühafizəçi bağlamadan şübhələnərək onu yoxlamaq qərarına gəlib və elə bu zaman güclü partlayış baş verib. İlkin ehtimallara görə, təxminən 1 kiloqram trotil ekvivalentində olan partlayıcı qurğu məsafədən işə salınıb. Zərbə dalğasını daha da dağıdıcı etmək üçün qurğu metal kürəciklərlə doldurulub ki, nəticədə restoranın verandasında olan dinc sakinlər də zərər görüb, onlardan biri həyatını itirib.
Partlayışın şiddəti o qədər güclü olub ki, kuryer qadının cəsədi parçalanıb, onun qolu hadisə yerindən təxminən 15 metr aralıda – yolun orta ərazisində tapılıb. İnsident zamanı kuryer qadın və onu saxlayan mühafizəçi də həlak olublar. Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda partlayışın hədəfi olan həmin gizli tədbirin Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general Aleksandr Çaykonun ad gününə həsr olunduğu bildirilmişdi.

