Azərbaycanda doğum böhranı dərinləşir – 5 ildən sonra bizi nə gözləyir?backend

Azərbaycanda doğum böhranı dərinləşir – 5 ildən sonra bizi nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan demoqrafik baxımdan tarixinin ən kritik mərhələlərindən birinə daxil olur.

Musavat.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı son rəqəmlər ölkədə doğum səviyyəsinin sürətlə aşağı düşdüyünü göstərir. Statistikaya görə, 2026-cı ilin yanvar-may aylarında 34 min 470 uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib. Bu göstərici faktiki olaraq ölkədə həmin dövrdə qeydə alınan doğumların sayını əks etdirir.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 5 ayında Azərbaycanda 41 min 500-dən çox uşaq doğulmuşdu. Beləliklə, cəmi bir il ərzində təxminən 7 min nəfərlik azalma baş verib.

Mövcud temp ilin sonuna qədər davam edərsə, 2026-cı ildə ölkədə təxminən 85 min uşağın dünyaya gələcəyi proqnozlaşdırılır. Halbuki 2025-ci ildə bu göstərici 95 min 800 nəfər olub. Başqa sözlə, cəmi bir ildə doğum sayında 10 min nəfərdən artıq azalma gözlənilir.

Lakin daha diqqətçəkən məqam son 10 ilin mənzərəsidir. Əgər 2015-ci ildə Azərbaycanda 166 min 210 uşaq doğulmuşdusa, bu il həmin rəqəmin təxminən 85 minə düşəcəyi gözlənilir. Bu isə o deməkdir ki, ölkədə doğum səviyyəsi on il ərzində demək olar ki, iki dəfə azalıb.

Bu templə 5 ildən sonra nə baş verəcək?

Əgər doğum göstəricilərindəki azalma indiki sürətlə davam etsə, 2030-2031-ci illərdə Azərbaycanda illik doğum sayının 65-70 min nəfərə qədər enməsi mümkündür.

Bu milli təhlükəsizlik, iqtisadi inkişaf və sosial sabitlik məsələsinə çevrilir.

Bu gün doğulmayan uşaqlar 20 ildən sonra əmək bazarında olmayacaq işçilər, 25 ildən sonra vergi ödəyiciləri, 30 ildən sonra isə ölkənin iqtisadi və hərbi potensialını formalaşdıracaq vətəndaşlar olmayacaqlar.

Demoqraflar hesab edirlər ki, əhalinin özünü təkrar istehsal etməsi üçün hər ailədə orta hesabla 2,1 uşaq dünyaya gəlməlidir. Azərbaycanda isə bu göstərici son illərdə sürətlə aşağı düşür və artıq Avropa ölkələrinin bir çoxunda müşahidə olunan demoqrafik qocalma prosesinin ilkin əlamətləri görünməyə başlayır.

Gənclər niyə uşaq sahibi olmaq istəmir?

Ekspertlər doğumun azalmasının bir neçə əsas səbəbini göstərirlər. İlk növbədə iqtisadi amillər ön plana çıxır. Mənzil qiymətlərinin bahalaşması, kirayə bazarındakı problemlər, gənc ailələrin gəlirlərinin həyat xərclərinə uyğun artmaması ailələrin çoxuşaqlı olmasını çətinləşdirir. Digər tərəfdən, nikah yaşının yüksəlməsi diqqət çəkir. Gənclər daha gec evlənir, daha gec valideyn olurlar. Karyera planları, təhsil müddətinin uzanması və urbanizasiya prosesləri də doğum səviyyəsinə təsir göstərir.

Sosial şəbəkələrin və yeni həyat tərzinin təsiri ilə ailə modeli də dəyişir. Bir vaxtlar üç-dörd uşaqlı ailələr norma hesab edilirdisə, indi bir və ya iki uşaqla kifayətlənən ailələrin sayı artır.

Doğumun azalması ilk baxışda hiss olunmasa da, onun nəticələri 10-15 ildən sonra daha qabarıq görünəcək. Bu gün məktəbəqədər yaşda olmayan uşaqlar sabah məktəblərdə boş qalan siniflər, universitetlərdə azalan tələbə sayı və nəticədə əmək bazarında yaranacaq kadr çatışmazlığı deməkdir. Bir çox inkişaf etmiş ölkələr məhz bu səbəbdən milyonlarla miqrant qəbul etmək məcburiyyətində qalıblar. Çünki yaşlanan əhalinin pensiya və sosial təminat yükünü daşımaq üçün işləyən insanların sayı kifayət etməyib. Bu gün işləyən nəsil gələcəkdə pensiya alan nəslə çevriləcək. Lakin həmin dövrdə işləyən gənclərin sayı kifayət qədər olmazsa, sosial sığorta və pensiya sisteminin yükü daha da ağırlaşacaq.

Sadə dillə desək, gələcəkdə daha az işləyən insan daha çox pensiyaçını maliyyələşdirməli olacaq.
Bu isə dövlət büdcəsi və sosial müdafiə sistemi üçün ciddi çağırışlar yaradır.

Bir çox ölkələr doğum böhranını aradan qaldırmaq üçün ailələrə böyük vergi güzəştləri, uşaq pulları, ipoteka dəstəyi və çoxuşaqlı ailələr üçün xüsusi proqramlar tətbiq edirlər.

Azərbaycanda da son illərdə sosial dəstək tədbirləri genişlənsə də, rəqəmlər göstərir ki, mövcud mexanizmlər doğumun azalması tendensiyasını dayandırmağa hələ ki qadir deyil. Bu gün doğum statistikasındakı hər min nəfərlik azalma əslində Azərbaycanın gələcəyindən silinən minlərlə potensial müəllim, həkim, mühəndis, əsgər və vergi ödəyicisi deməkdir. Əgər mövcud tendensiya davam edərsə, qarşıdakı beş il ərzində ölkə demoqrafik böhranın daha dərin mərhələsinə daxil ola bilər. Bu isə artıq təkcə sosial məsələ deyil, dövlətin strateji gələcəyini müəyyən edən əsas faktorlardan birinə çevriləcək. Azərbaycanda oğum səviyyəsinin azalmasını dayandırmaq mümkün olacaqmı, yoxsa ölkə sürətlə qocalan cəmiyyətlər sırasına qoşulacaq?