Rusyalı siyasilər NATO-nu tənqid edirlər, evləri isə NATO ölkələrindədirbackend

Rusyalı siyasilər NATO-nu tənqid edirlər, evləri isə NATO ölkələrindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan bir sıra deputat və qubernatorların NATO ölkələrində daşınmaz əmlaklarını qoruyub saxladıqları üzə çıxıb. Söhbət İspaniya, Latviya, Kipr və Bolqarıstandakı ev və mənzillərdən gedir. Bəzi əmlakların dəyəri yarım milyon avrodan çoxdur.

Bu məlumatlar “Vahid Rusiya” siyahısından deputatlığa namizədlərin əmlak bəyannamələrində aşkarlanıb.

Qeyd olunur ki, Rusiya elitası xaricdəki daşınmaz əmlakından imtina etməyə tələsmir. Bir ay əvvəl Kommunist Partiyasının yüksək vəzifəli şəxslərə xaricdə əmlak saxlamağı qadağan etməyi nəzərdə tutan təşəbbüsü hökumət tərəfindən dəstəklənməyib.

Araşdırmaya görə, “Vahid Rusiya”dan beş namizədin, həmçinin “Yeni insanlar” partiyasından bir deputatın həyat yoldaşının xaricdə daşınmaz əmlakı var.

Ən böyük xarici mülklərdən biri məşhur sovet xokkeyçisi və hazırda Dövlət Dumasının deputatı olan Vladislav Tretyaka məxsusdur. Onun Latviyada paylı mülkiyyət formasında iki torpaq sahəsi və iki yaşayış evi var. Əmlaklar 2009 və 2011-ci illərdə müvafiq olaraq 255 min və 300 min avroya alınıb.

2013-cü ildə jurnalist Andrey Malgin Tretyakın ABŞ-ın Mayami şəhərində təxminən 1 milyon dollar dəyərində mənzilə də sahib olduğunu yazmışdı. Həmin mənzil onun bəyannaməsində göstərilməmişdi. Tretyak mənzili deputat olmamışdan əvvəl qızı üçün aldığını bildirsə də, Malgin sonradan əmlakın sahibinin hələ də Tretyak olduğunu müəyyən etmişdi.

Murmansk vilayətinin qubernatoru, “Vahid Rusiya” üzvü Andrey Çibis də ailəsi ilə birlikdə İspaniyada daşınmaz əmlaka sahibdir. Rusiyada “Şimalda yaşamaq!” şüarı ilə tanınan Çibis 2012-ci ildə Avropanın cənubunda 300 min avroya ev alıb.

“Xroniki Media” nəşrinin araşdırmasına görə, Çibis və həyat yoldaşı qədim Tarraqona şəhərindən təxminən 30 kilometr məsafədə yerləşən məşhur Miami Playa kurortunda taunhausa sahibdirlər. Ailənin bu evi kirayəyə verdiyi və vaxtaşırı özü də orada qaldığı bildirilir.

Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler də həyat yoldaşı ilə birlikdə Kiprdə daşınmaz əmlaka sahibdir. Onlar evi 2012-ci ildə 540 min avroya alıblar. Bir il sonra Teksler Rusiya energetika nazirinin müavini təyin olunub, lakin Kiprdəki əmlakından imtina etməyib.

Bolqarıstanda isə iki rusiyalı parlament üzvünün həyat yoldaşına məxsus mənzil aşkarlanıb.

“Vahid Rusiya” deputatı Maksim Topilinin həyat yoldaşı Mariya Topilina üçün 2008-ci ildə 166 min avroya mənzil alınıb. Həmin dövrdə Topilin Rusiyanın Əmək və Məşğulluq üzrə Federal Xidmətinə rəhbərlik edib. Daha sonra o, əmək naziri və Pensiya Fondunun rəhbəri vəzifələrində çalışıb.

“Yeni insanlar” partiyasından deputat Aleksandr Indyukovun həyat yoldaşı Karina Fedorova da Bolqarıstanda mənzil sahibidir. Əmlak 2015-ci ildə 47 min avroya alınıb.

Digər diqqətçəkən ad “Vahid Rusiya”nın nüfuzlu deputatlarından Otari Arşbadır. O və həyat yoldaşı Gürcüstanda mənzilə, iki yaşayış evinə və üç torpaq sahəsinə sahibdirlər. Əmlakların bir hissəsi hədiyyə olunub, bir hissəsi isə 2005 və 2012-ci illərdə alınıb.

Maraqlıdır ki, məhz Otari Arşba Dövlət Dumasında deputatların gəlir və əmlak məlumatlarının düzgünlüyünə nəzarət edən komissiyaya rəhbərlik edir. Bununla belə, Ukraynada müharibə başlayandan sonra Rusiyada deputatların gəlir və əmlak bəyannamələrinin açıq dərc olunması dayandırılıb.

Musavat.com