Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan revanşist-radikalları yüz faiz dəli edəcək açıqlama verib. O, Azərbaycandan alınan yanacağın daxildə benzinin kəskin bahalaşmasını önlədiyini söyləyib. Nazirə görə, dünyanın bir çox ölkəsində yanacaq əhəmiyyətli dərəcədə bahalaşdığı halda Ermənistanda qiymət artımı minimum səviyyədə qalıb. Papoyan əlavə edib ki, bu prosesdə Bakının benzin və dizeli həlledici rol oynayıb.
Yaxşı etirafdır. Zərrəcə şübhə yox ki, ermənilər sülhün bundan qat-qat böyük faydalarını görə, hiss edə bilərlər. Bundan ötrü yetər ki, daşı ətəklərindən birdəfəlik töksünlər. Özlərini normal qonşu kimi aparmağı öyrənsinlər. Qoltuqlarında “daş” gəzdirməsinlər.
Ən mühümü, Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların tezliklə çıxarılmasını təmin eləsinlər. Çünki qonşuluqla torpaq iddiaları bir ataya sığmaz. Yoxsa nə qardaş ölkənin, nə də ələlxüsus bizim ermənilərə münasibətdə “səni sevəcəyəm sən nifrət eləsən də!” kimi bir lüksümüz yox!..
Bu da hamısı deyil. Erməni tərəfi bizimlə barışıqda səmimi şəkildə maraqlıdırsa, onda Qarabağ konflikti zamanı itkin düşmüş 4000-dən çox soydaşımızın taleyinə aydınlıq gətirməsinə və ərazilərimizin minalardan təmizlənməsi işinə real kömək göstərməlidir. Doğru-dürüst xəritələr təqdim eləməlidir.
Üstəgəl, Ermənistan Xocalı soyqırımı daxil, törədilən bəşəri cinayətləri ən azından etiraf edib üzr istəməli, öz ərazisində gizlənən digər caniləri, uşaq qatillərini Azərbaycana təhvil verməlidir. Nəhayət, Ermənistan terrorçuların abidə-komplekslərindən yavaş-yavaş təmizlənməlidir. Əks halda, “qoltuq altda daş” məsələsi öz aktuallığını saxlayacaq…

Müxtəsəri budur ki, Azərbaycanla barışıq yalnızca ucuz benzin, ucuz ərzaq demək deyil. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, əlaqələrin bərpası Ermənistan bazarına sərfəli qiymətə keyfiyyətli sənaye, toxuculuq mallarının da axını deməkdir.
Doğru, hər şeydə bəd niyyət axtaran bəzi şovinist erməni iqtisadçılar deyir ki, o halda yerli istehsal sıradan çıxacaq. Ancaq eyni zamanda, bu, yeni fürsətlər yarada bilər. O anlamda ki, Ermənistan iqtisadiyyatının Türkiyə və Azərbaycan hesabına dirçəlmə şansı var. Açılacaq minlərlə yeni iş yerləri də öz yerində…
Odur ki, seçsinlər. Xəstə iddialarla, miflərlə yaşayıb təcriddə qalmağa davam eləmək, yoxsa nəhayət, Baş nazir Nikol Paşinyanın “qonşularla sıfır problem” kursuna dəstək verib normal inkişaf yoluna çıxmaq? İkinci halda Ermənistan hökumətinin müdafiə və təhlükəsizlik üçün kasıb əhalinin boğazından kəsib böyük vəsaitlər ayırmasına da lüzum olmayacaq. Ordu saxlamağın belə, mənası qalmayacaq. Ermənistana kim hücum edəcək ki?
Bu xüsusda parlamentin spikeri Alen Simonyan heç də boşuna deməyib ki, ölkənin təhlükəsizliyi Azərbaycana bağlıdır. Təbii ki, həm də Türkiyəyə. Ümumiyyətlə, tarixi təcrübə göstərir ki, bir ölkəyə və ya xalqa ən etibarlı varlıq və təhlükəsizlik qarantını yalnız qonşuları verə bilər. Bunu Yaxın Şərq böhranı zamanı da gördük…
Ermənistanda kritik parlament seçkilərinə cəmi bir ay 5 gün qalıb. Qonşuların isə səhv eləmək limiti çoxdan bitib. İyunun 7-də dünya bu toplumdan yeganə AĞILLI qərarı gözləyir. İlk növbədə də elə öz gələcəkləri naminə…
Müsavat.com

