Bu evlərə kompensasiya verilməyəcəkbackend

Bu evlərə kompensasiya verilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunvericiliklə real həyat arasında bəzi hallarda ciddi uyğunsuzluqlar ortaya çıxır. Xüsusilə mülkiyyət hüquqları ilə bağlı məsələlərdə bu fərq daha qabarıq hiss olunur.

Rəsmi sənədlər bir tərəfdə, faktiki yaşayış və istifadə digər tərəfdə qalır. Nəticədə vətəndaşların hüquqi statusu ilə real vəziyyəti arasında ziddiyyət yaranır. Bu isə həm hüquqi müstəvidə, həm də sosial baxımdan müzakirə doğuran məsələlərdən birinə çevrilir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, mövzu haqqında qanunvericiliklə praktikada ciddi fərq var:

“Qanunvericiliyə əsasən, bir əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən əsas sənəd çıxarışdır. Çıxarış olmadan həmin əmlak hüquqi baxımdan mövcud sayılmır. Məsələn, hər hansı torpaq sahəsi sizə məxsus olsa belə, həmin torpaq sahəsində tikilmiş evin sənədi yoxdursa, yəni qeydiyyat vəsiqəsi, şəhadətnamə və ya hazırda qüvvədə olan qanunvericiliyə əsasən çıxarış mövcud deyilsə, bu zaman həmin mülkiyyət hüquqi cəhətdən tanınmır. Fiziki olaraq mövcud olsa da, rəsmi olaraq mövcud sayılmır və özbaşına tikili hesab olunur. Müvafiq icazə olmadan tikilən və çıxarışı olmayan tikililər özbaşına tikili kimi qiymətləndirilir. Belə tikililərin sökülməsi zamanı adətən kompensasiya ödənilmir, çünki onları təsdiq edən hüquqi sənəd yoxdur”.

Vəkil deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə əsasən, mülkiyyət anlayışı yalnız çıxarışla məhdudlaşmır, faktiki sahiblik də mülkiyyət hüququ kimi qiymətləndirilə bilər:

“Praktikada da görürük ki, vətəndaşlar uzun müddət ev tikir, həmin evlərdə yaşayır, faktiki sahiblik həyata keçirir və kommunal xərcləri ödəyirlər. Dövlət də bəzi hallarda humanist yanaşma nümayiş etdirərək sosial məsuliyyət çərçivəsində sənədi olmayan evlərə görə vətəndaşlara kompensasiya ödəyir. Praktikada belə hallarda kompensasiya verilsə də, qanunvericilik baxımından bunun hər zaman hüquqi əsasları tam aydın şəkildə təsbit olunmur”, – deyə o bildirib.