2015-ci ildən 2025-ci ilə qədər Polşa prezidenti olmuş Andjey Duda Ukraynaya Rusiya təcavüzünü dəf etməyə kömək etməyin Polşanın özü üçün faydalı olduğunu bildirib.
O, bu açıqlamanı “GORDON” nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində verib. Duda Rusiyanın Ukraynaya qarşı müharibəsinə ilk növbədə Polşanın keçmiş lideri və polşalı nöqteyi-nəzərindən baxdığını bildirib. O, Ukraynanın Rusiya təcavüzünü dəf edib sağ qalmasının Polşanın maraqlarına uyğun olduğunu vurğulayıb.
Duda izah edib ki, Polşanın Ukraynaya əhəmiyyətli hərbi texnika ötürməsinin səbəblərindən biri də budur. Onun sözlərinə görə, buraya Polşa ehtiyatlarından 360-dan çox tank, 20-dən çox MiQ-29 qırıcı təyyarəsi, yüzlərlə zirehli maşın, müasir Krab haubitsaları, çoxlu sayda hərbi texnika və milyonlarla patron daxildir.
“Biz yardımı yalnız Ukraynanın maraqları üçün deyil, əsasən öz maraqlarımız üçün göndərdik. Rusiya ordusunu dayandırmaq üçün. Çünki Rusiya ilə sərhəddə olmaq istəmirik. Ukrayna ilə sərhəddə olmaq istəyirik. Rusiyanın Ukraynanı işğal etməsini və ya Rusiya qoşunlarının növbəti sərhədimizdə yerləşməsini istəmirik. Onların Kalininqrad bölgəsində yerləşməsi kifayətdir. Onların burada olmasını istəmirik… Onların sayı artır”, – deyə Duda bildirib.
O qeyd edib ki, Ukraynanın suveren və müstəqil bir dövlət kimi mövcud olması Polşanın maraqlarına uyğundur.
//Samir Qurbanov, Editor.az

