Məşhur ukraynalı sənətçilər – ictimaiyyətə daha çox Potap kimi tanınan Aleksey Potapenko və Nastya Kamenskix yeddi illik ailə həyatlarına son qoyduqlarını bəyan ediblər.
Oxu.Az xəbər verir ki, tanınmış cütlük ayrılıq qərarı barədə sosial şəbəkə hesablarında paylaşım edib. Sənətçilərin müraciətində qeyd olunur:
“Düz iyirmi il əvvəl biz musiqi dueti olaraq yolumuza başladıq və bu fəaliyyət zaman keçdikcə daha böyük bir məna qazandı. Lakin tez və ya gec hər şeyin bir sonu olur”.
İfaçılar müraciətlərində özlərinin ən populyar mahnılarından biri olan “Necə baxsan da, biz cütlük deyilik” sətrindən də sitat gətiriblər.
Xatırladaq ki, cütlük birgə musiqi fəaliyyətinə 2006-cı ildə “Potap və Nastya” qrupunu yaradaraq start verib. İkilinin ilk musiqi albomu olan “Not a Couple” 2008-ci ildə işıq üzü görüb. 2017-ci ildən etibarən isə Kamenskix solo karyerasına başlayıb.
Sonda Potap və Nastya Kamenskix uzun illər boyu onlara göstərilən sonsuz sevgi və dəstəyə görə dinləyicilərinə minnətdarlıqlarını bildirib, bu qərara hörmətlə yanaşılmasını xahiş ediblər.

