Böyük şirkətlərin monopolist OYUNLARI: Onlara niyə “gözün üstə qaşın var” deyən yoxdur?backend

Böyük şirkətlərin monopolist OYUNLARI: Onlara niyə “gözün üstə qaşın var” deyən yoxdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı “Trendyol”un “rəqabət narahatlığı yaratdığını” deyib. C.Süleymanlı bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin “Trendyol” platformasına məxsusdur. “Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər.

Editor.az bu məsələni sabiq millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli ilə müzakirə edib. O, bildirib ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu istehlakçıların hüquqlarını qorumaqla yanaşı, dövlətin inhisarçılığını da qadağan edir:

“Yəni, dövlət qurumları ayrı-ayrı şirkətlər yarada və ya təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməzlər. İqtisadiyyat Nazirliyi isə bəzi müvafiq dövlət qurumlarının yanında MMC yaradaraq iqtisadi fəaliyyətlə məşğul olmasına göz yumur. Belə ki, eynilə Azərbaycan bazarında monopoliya yaradıb sahibkarları sıxışdıran, qiyməti qaldıran və bazarda hökmran mövqedə olan şirkətlərə “gözün üstə qaşın” var demir. Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə elektron ticarət artıq məhdudlaşıb. Əvvəllər fiziki şəxslər elektron ticarətlə ayda 1000 dollar məbləğində xaricdən mal gətirə bilirdisə, bir müddət öncə bu məbləğ 300 dollara qədər məhdudlaşdırıldı. O cümlədən, əvvəllər fiziki şəxs özü ilə ölkəyə 1500 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilirdisə, hazırda bu məbləğ 800 dollarla məhdudlaşır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin birbaşa vəzifəsi istehlakçıların hüquqlarını qorumaqdır. Ancaq öz vəzifəsini yerinə yetirmək əvəzinə müxtəlif monopolistlərin sifarişi əsasında bazarı məhdudlaşdırmaqla məşğuldurlar. Bu bir daha sübut edir ki, Azərbaycanda bazar iqtisadiyyatı anlayışı yoxdur, yalnız müxtəlif qurumların korporativ maraqları mövcuddur. Bu səbəbdən də qiymət artımı yaranır, vətəndaşların keyfiyyətli və daha ucuz mala çıxışları məhdudlaşır”.

//Gülnarə Abasova, Editor.az