Son illərdə gənclərin psixi sağlamlığı ilə bağlı narahatlıqların artması cəmiyyətdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Xüsusilə 20–35 yaş aralığında olan şəxslərin gündəlik həyatında təşviş, davamlı narahatlıq və panik atak kimi hallar daha çox müzakirə olunur. Müasir həyatın sürəti, dəyişən sosial münasibətlər və psixi sağlamlıqla bağlı maarifləndirmənin genişlənməsi bu mövzunun daha açıq şəkildə gündəmə gətirilməsinə səbəb olur.
Maraqlıdır, bəs müşahidə olunan bu tendensiyanın arxasında hansı amillər dayanır və hansı hallarda təşviş normal emosional reaksiya olmaqdan çıxaraq mütəxəssis müdaxiləsini tələb edən vəziyyətə çevrilir?
Psixoloq Bəhmənli Dilbər Editor.az-a açıqlamasında bildirib ki, son illərdə, xüsusilə 20–35 yaşlı gənclər arasında təşviş (anksiyete) əlamətlərinin daha çox müşahidə olunması təsadüfi deyil:

“Burada ilk növbədə bir anlayışı dəqiqləşdirmək vacibdir: “Anksiyete” sözünün Azərbaycan dilində qarşılığı “təşviş”dir. Gündəlik həyatda insanlar daha çox “anksiyete” terminindən istifadə etsələr də, elmi və tibbi baxımdan “təşviş” ifadəsi daha uyğun hesab olunur.
Eyni zamanda, panik atak və panik pozuntu eyni anlayış deyil. Panik atak qəfil başlayan, qısa müddətli, güclü qorxu və ya intensiv narahatlıq epizodudur. Bu zaman ürəkdöyünmə, nəfəs darlığı, başgicəllənmə, tərləmə, əllərdə titrəmə, boğulma hissi və “öləcəyəm” və ya “dəli olacağam” kimi düşüncələr yarana bilər. Lakin panik atak özü ayrıca psixi pozuntu deyil, müəyyən psixoloji və ya tibbi vəziyyətlər zamanı ortaya çıxa bilən simptomlar toplusudur.
Panik pozuntu isə təşviş pozuntularının (anxiety disorders) növlərindən biridir və əsas xüsusiyyəti təkrarlanan, gözlənilməz panik ataklar, eləcə də növbəti atakın olacağı ilə bağlı davamlı narahatlıqdır. Yəni hər panik atak yaşayan insanda panik pozuntu olmur”.
Psixoloq son illərdə təşviş hallarının artmasının səbəbləri ilə bağlı da fikirlərini bölüşüb:
“Bunun bir neçə əsas səbəbi var. Birincisi, davamlı stress, gələcək qayğıları və qeyri-müəyyənlikdir. Gənclər təhsil, iş tapmaq, karyera qurmaq, maddi sabitlik əldə etmək və gələcəklə bağlı çoxsaylı təzyiqlərlə üzləşirlər. İnsan beyni uzun müddət təhlükə siqnalları aldıqda orqanizm daim “hazır ol” rejimində qalır. Bu isə təşviş əlamətlərinin yaranmasına zəmin hazırlayır.
İkincisi, sosial medianın təsiridir. İnsanlar sosial şəbəkələrdə başqalarının həyatının yalnız uğurlu tərəflərini görür və öz həyatları ilə müqayisə edirlər. Məsələn, biri iş tapmadığı halda sosial mediada həmyaşıdlarının uğurlarını görür və “mən geri qalmışam” düşüncəsinə qapılır. Bu cür davamlı müqayisə özünəinamın azalmasına və təşvişin artmasına səbəb ola bilir.
Üçüncüsü, informasiya yüküdür. Gün ərzində davamlı olaraq mənfi xəbərlər, iqtisadi problemlər, müharibələr, xəstəliklər və digər narahatedici məlumatlarla qarşılaşmaq beynin təhlükə hissini artırır. İnsan reallıqda təhlükə ilə üzləşməsə belə, beyin bunu risk kimi qəbul edə bilir.
Digər mühüm səbəb isə yuxu rejiminin pozulması, fiziki aktivliyin azalması və texnologiyadan həddindən artıq istifadədir. Məsələn, gecə saat 2-3-ə qədər telefondan istifadə edən bir şəxsdə həm yuxunun keyfiyyəti azalır, həm də stress hormonlarının səviyyəsi yüksələ bilər. Bu da emosional tənzimləməni çətinləşdirir.
Digər səbəblərdən biri isə ilkin uşaqlıq dövrünə təsadüf edir. Məsələn, anası təşvişli olan və ya hiperhimayə olunan, dominant tərbiyə üslubunda böyüyən uşaqlar böyüdükcə daha çox təşvişin hər hansı formasından əziyyət çəkirlər.
Mükəmməlliyyətçilik və səhv etmə qorxusu da prokrastinasiyaya və bununla bərabər təşvişə gətirib çıxara bilir.
Təşviş zamanı beyində amiqdala aktivləşir və insan ətraf aləmi təhlükəli qavraya bilir.
Bununla yanaşı, son illərdə insanların psixi sağlamlıq barədə məlumatlılığının artması da mühüm rol oynayır. Əvvəllər bir çox insan yaşadığı əlamətləri adlandıra bilmirdi və mütəxəssisə müraciət etmirdi. Hazırda isə maariflənmənin artması nəticəsində daha çox insan psixoloq və psixiatr dəstəyi alır. Buna görə də diaqnozların sayında artımın bir hissəsi həqiqətən xəstəliyin artması ilə, digər hissəsi isə aşkarlanmanın yaxşılaşması ilə əlaqədardır.
Vacib məqam odur ki, hər narahatlıq hissi psixi pozuntu demək deyil. İmtahan öncəsi, müsahibədən əvvəl və ya həyatda mühüm dəyişikliklər zamanı müəyyən qədər təşviş yaşamaq normaldır. Lakin bu hiss uzun müddət davam edir, gündəlik həyat keyfiyyətini pozur, iş, təhsil və sosial münasibətlərə mane olursa, artıq mütəxəssisə müraciət etmək tövsiyə olunur”.
//Gülnarə Abasova, Editor.az

