Alimlər depressiya əlamətlərinin azalması ilə əlaqəli vitamini müəyyənləşdiriblərbackend

Alimlər depressiya əlamətlərinin azalması ilə əlaqəli vitamini müəyyənləşdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan genişmiqyaslı araşdırmanın nəticələrinə görə, qanda B6 vitamininin səviyyəsinin yüksək olması depressiya əlamətlərinin daha az müşahidə olunması ilə əlaqəli ola bilər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Journal of Affective Disorders jurnalında dərc edilib.

Alimlər 2005–2014-cü illərdə ABŞ-da keçirilmiş NHANES tədqiqatında iştirak edən 26 mindən çox yetkin insanın məlumatlarını təhlil ediblər. İştirakçıların depressiya əlamətləri PHQ-9 sorğusu vasitəsilə qiymətləndirilib və nəticələr A, C, D, E, B6, B9 və B12 vitaminlərinin qəbulu və qandakı səviyyələri ilə müqayisə olunub.

İştirakçıların təxminən dörddə birində ən azı yüngül depressiya əlamətləri aşkarlanıb.

Araşdırmanın ilkin mərhələsində bir neçə vitaminin yüksək səviyyəsi depressiya əlamətlərinin daha az yayılması ilə əlaqələndirilib. Lakin tədqiqatçılar yaş, cins, gəlir, təhsil səviyyəsi, bədən çəkisi, siqaret və alkoqol istifadəsi, eləcə də ümumi sağlamlıq vəziyyəti kimi amilləri nəzərə aldıqdan sonra bu əlaqələrin böyük hissəsi aradan qalxıb.

İstisna B6 vitamini olub. Onun qanda daha yüksək konsentrasiyası orta-ağır və ağır depressiya əlamətlərinin daha az müşahidə olunması ilə zəif statistik əlaqəni qoruyub.

Alimlərin sözlərinə görə, B6 vitamini sinir sisteminin fəaliyyətində və əhval-ruhiyyənin tənzimlənməsində mühüm rol oynayan serotonin, dopamin və qamma-aminoyağ turşusunun (GABA) sintezində iştirak edir.

Bununla belə, tədqiqat B6 vitamininin depressiyanı müalicə etdiyini sübut etmir. Alimlər yalnız qanda B6 səviyyəsi ilə depressiya əlamətlərinin daha az olması arasında statistik əlaqə müəyyən ediblər. Bu əlaqənin səbəb-nəticə xarakteri daşıyıb-daşımadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

//Gülnarə Abasova, Editor.az