“Hörmüz boğazı bağlanarsa…” – SON DƏQİQƏ AÇIQLAMASIbackend

“Hörmüz boğazı bağlanarsa…” – SON DƏQİQƏ AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı İran və Oman arasında aparılan danışıqlar yekun mərhələyə qədəm qoyub. İran tərəfi razılaşmanın əldə olunmasına yaxın olduqlarını açıqlayıb. Lakin Tehran və Maskat arasında mümkün anlaşmanın əldə edilməsi Hörmüz boğazı ilə bağlı yaranmış təhlükəsizlik probleminin tam həlli demək deyil”.

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, Hörmüz boğazından neft ixrac və idxal edən ölkələr artıq alternativlər barədə düşünürlər:

“Çünki bu dövlətlər hesab edirlər ki, Omanla İran arasında razılaşma müvəqqəti xarakter daşıya bilər və ABŞ-İran müharibəsi alovlanarsa, Tehran yenidən boğazı qapadacaq. Bu isə boğazdan neft və sıxılmış qazın daşınmasının yenidən dayandırılması demək olacaq. Hörmüz boğazına alternativ marşrutlar da tam təhlükəsiz deyil. Bölgədə mövcud olan silahlı qruplar, o cümlədən onların əlində olan dronlarla alternativ marşrutlarla daşınan yanacağa da təhlükə yarada bilərlər. Tam təhlükəsiz marşrutların işə salınması üçün isə zaman və maliyyə resurslarına ehtiyac var”.

Politoloqun sözlərinə əsasən, Səudiyyə Ərəbistanı Qırmızı dənizə uzanan boru xətti ilə neft nəqlini 2 milyon barelə çatdırmağı planlaşdırır. Həmçinin, Hindistan da qərarını verib:

“Bu ölkə neft idxalının həcminə görə dünyada üçüncü sıradadır. Hindistan son iki ildə Rusiyadan neft alışını artırmasına baxmayaraq, tələbatının 40 faizini Hörmüz boğazı üzərindən əldə edirdi. Ancaq mövcud vəziyyət Hindistanı Hörmüz boğazı üzərindən neft idxalını azaltmağa məcbur edib. Hindistanın neftayrıma zavodları Hörmüz boğazından neft alışını başqa istiqamətlərlə əvəzləməyə başlayıblar. Böyük Britaniyanın “Peritus International” mühəndis şirkəti Hindistanın “South Asia Gas Enterprise” şirkətindən aldığı sifariş əsasında Birləşmiş Ərəb Əmirliklərindən başlanan və Ərəb dənizindən Hindistan sahillərinə qədər uzanan boru xəttinin tikintisini layihələndirir. Layihənin iqtisadi səmərələliyi hesablanacaq. Hindistan eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına 9 milyard dollara yaxın vəsait xərcləməyi planlaşdırıb. Məqsəd enerji idxalından asılılığı azaltmaqdır. Hazırda ölkə xam neft istehlakının təxminən 90 faizini idxal etmək məcburiyyətindədir. Yeni proqram çərçivəsində hökumət şirkətlərə quyu qazma xərclərinin 50 faizinə qədərini geri ödəyəcək”.

NEFTO.jpeg (69 KB)

Elxan Şahinoğlunun sözlərinə görə, Yaponiya da Hindistanla oxşar vəziyyətdədir. Belə ki, Yaponiyanın xam neft ehtiyatları Hörmüz boğazında gərginlik fonunda ölkə tarixində ən böyük həcmdə azalıb:

“Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 100 milyon barel strateji neft ehtiyatını dövriyyəyə buraxmaq məcburiyyətində qalıb. Halbuki, Yaponiya neftinin 90 faizdən çoxunu Yaxın Şərqdən alırdı. Mövcud vəziyyətdə Yaponiya Yaxın Şərqdən neft tədarükündən asılılığını azaltmağa qərar verib. Yaponiya ABŞ-dən neft alışının həcmini artırıb. Yaponiya tarixində ilk dəfə may ayında Azərbaycan neftini də alıb və bu sahədə iki ölkə arasında əməkdaşlığın genişlənəcəyini proqnozlaşdırmaq olar. Yaponiya eyni zamanda yanacaq böhranından əziyyət çəkən qonşularına da yardım əli uzatmağa qərar verib. Baş nazir Sanae Takaiçi Asiya liderləri ilə keçirilən onlayn görüşdən sonra ölkəsinin Asiyada enerji böhranının təsirlərini azaltmaq məqsədilə region ölkələrinə 10 milyard dollar maliyyə dəstəyi ayıracağını bildirib. Bu yardım Cənub-Şərqi Asiya ölkələrinin xam neft və digər enerji resurslarını təmin etməsinə yönələcək. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ayrılan vəsait ASEAN ölkələrinin bir illik xam neft idxalına bərabərdir. Məsələn, enerji böhranı Filippini fövqəladə vəziyyət elan etməyə məcbur buraxıb”.