Tez-tez qarında köp yarananlara ağ çörəyə 3 alternativ təklif edildibackend

Tez-tez qarında köp yarananlara ağ çörəyə 3 alternativ təklif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez qarında köp və şişkinlikdən əziyyət çəkən insanlar ağ çörək əvəzinə cücərdilmiş taxıldan, kətan unundan hazırlanan və ya təbii mayalı çörəklərə üstünlük verə bilərlər. Bu çörək növləri qaz əmələ gəlməsinə səbəb olan bəzi komponentləri daha az ehtiva etdiyindən, həzm sistemi üçün daha rahat ola bilər.

Editor.az  Daily Mail-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-li qastroenteroloq Cozef Salhab açıqlama verib.

Həkimin sözlərinə görə, qarında köpün səbəblərindən biri buğdaya və ya qlütenə qarşı yüksək həssaslıq ola bilər. Belə hallarda cücərdilmiş taxıldan hazırlanan çörək alternativ seçim hesab olunur. Taxılın cücərdilməsi prosesində köpə səbəb ola biləcək qlütenin və digər komponentlərin bir hissəsi parçalanır.

Digər alternativ kimi kətan unundan hazırlanan çörək tövsiyə edilir. Mütəxəssis bildirib ki, üyüdülmüş kətan toxumundan hazırlanan bu çörək bağırsaqların normal fəaliyyətini dəstəkləyən lif və omeqa-3 yağ turşuları ilə zəngindir.

Qastroenteroloq, həmçinin təbii mayalı çörəyə diqqət yetirməyi məsləhət görüb. Bu çörək təbii maya və süd turşusu bakteriyalarından istifadə edilməklə hazırlanır. Uzunmüddətli fermentasiya prosesi qlütenin və bəzi insanlarda qaz əmələ gəlməsini və qarında köpü artıra bilən fruktan adlı karbohidratların bir hissəsinin parçalanmasına kömək edir.

Bununla belə, həkim vurğulayıb ki, qarında köp problemi üçün hamıya uyğun universal qida məhsulu yoxdur. Şişkinlik mütəmadi olaraq təkrarlanırsa, yalnız qidalanma rasionunu dəyişməklə kifayətlənməmək və problemin dəqiq səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az