Kamerunun 93 yaşlı Prezidenti Pol Biya iki aydan artıqdır ölkə hüdudlarından kənardadır və bu müddət ərzində ictimaiyyət qarşısına çıxmayıb.
Editor.az bu barədə barədə Associated Press-ə istinadla məlumat yayıb.
Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfərə getdiyini açıqlayıb. Lakin səfərin gözləniləndən xeyli uzun çəkməsi ölkədə diqqət çəkib. Agentliyin məlumatına görə, bu, prezidentin hakimiyyətdə olduğu dövr ərzində ölkədən kənarda keçirdiyi ən uzunmüddətli səfərlərdən birinə çevrilib.
Prezidentin uzun müddət Kamerunda olmaması müxalifətin də narahatlığına səbəb olub. Müxalifət nümayəndələri hesab edirlər ki, dövlət başçısının ölkədə olmaması faktiki hakimiyyət boşluğu yaradıb və dövlət idarəçiliyi demək olar ki, avtomatik rejimdə həyata keçirilir.
Pol Biya 1982-ci ildən Kameruna rəhbərlik edir. O, 2025-ci ilin payızında keçirilən prezident seçkisində qalib gələrək ölkə tarixində səkkizinci prezidentlik müddətinə seçilib.
93 yaşlı Biya hazırda dünyanın ən yaşlı fəaliyyətdə olan dövlət başçısı hesab olunur.
Qeyd edək ki, Kamerun Prezidenti uzun müddətdir ölkədə hakimiyyətdə olan Afrika liderlərindən biridir. Onun uzunmüddətli yoxluğu ölkədə siyasi vəziyyət və hakimiyyətin idarə olunması ilə bağlı sualları yenidən gündəmə gətirib.
//Gülnarə Abasova, Editor.az

