Moskvadan İrəvana siyasi səfərbərlik çağırışı
Ermənistanda parlament seçkilərindən sonra Nikol Paşinyanın hakimiyyəti möhkəmlənsə də, onun siyasətinə qarşı narazılıq ölkə sərhədlərindən kənarda da yeni mərhələyə keçir. Rusiyadakı erməni diasporasının, siyasətçilərin və ictimai xadimlərin bir hissəsi Paşinyan hakimiyyətinə qarşı mövqelərini daha açıq şəkildə ortaya qoymağa başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş iclası bu baxımdan diqqətçəkən siyasi mesajlarla yadda qalıb. Soçi, Moskva və İrəvanı videokonfrans formatında birləşdirən toplantının əsas mövzusu 7 iyunda Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranan siyasi vəziyyət olub. Toplantıda Paşinyanın hakimiyyəti yenidən formalaşdırması sərt tənqid edilib. İştirakçılar seçki prosesinin demokratikliyini şübhə altına alıb, seçkilərin nəticələrini etimadsız hesab edib və Paşinyanın yenidən baş nazir postuna gəlməsini cəmiyyət üçün yeni qarşıdurma mərhələsi kimi qiymətləndiriblər.Əslində burada diqqətçəkən məqam yalnız Paşinyana yönələn tənqidlərin sərtləşməsi deyil. Daha mühüm məsələ Rusiyadakı erməni diasporasının müəyyən siyasi dairələrlə birlikdə Ermənistan daxilindəki proseslərə təsir göstərmək üçün təşkilatlanmağa çalışmasıdır.
“Lazarev klubu”nun toplantısında Ermənistan hakimiyyəti fikir ayrılığını boğmaqda, cəmiyyət üzərində nəzarəti gücləndirməkdə və siyasi təzyiqləri artırmaqda ittiham olunub. İştirakçılar Rusiya və Ermənistan arasında mövcud müttəfiqlik münasibətlərinin qorunması üçün həm Rusiyada, həm də Ermənistanda ictimai səfərbərlik aparılmasının vacibliyini vurğulayıblar.Bu yanaşma göstərir ki, Paşinyana qarşı narazılıq artıq yalnız Ermənistanın daxili siyasi müxalifətinin problemi kimi təqdim edilmir. Rusiya ərazisində yaşayan erməni siyasi və ictimai çevrələri də bu prosesə qoşulmağa çalışırlar.Toplantının siyasi çəkisini artıran əsas məqamlardan biri iştirakçılar arasında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, “Ermənistan” blokunun nümayəndəsi Armen Rustamyan, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan və digər siyasi xadimlərin olmasıdır.Beləliklə, Rusiyada yaşayan ermənilər arasında Paşinyanın xarici və daxili siyasətindən narazı olan müxtəlif qruplar üçün ortaq platforma formalaşdırılması cəhdi müşahidə olunur.

Digər mühüm mesajı Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlıdır.“Lazarev klubu”nun koordinatoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin çıxışında Rusiya ilə Ermənistan xalqları arasında tarixi əlaqələrin qorunmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiya tarixi baxımdan Ermənistanın təhlükəsizliyi və dövlətçiliyi ilə bağlı xüsusi məsuliyyət daşıyır.Bu mövqenin arxasında daha geniş siyasi narahatlıq dayanır. Moskva son illərdə Paşinyan hökumətinin Qərblə yaxınlaşmasını və Rusiya ilə ənənəvi əlaqələrdən uzaqlaşmasını ciddi problem kimi qiymətləndirir. Ermənistanın Avropa İttifaqı və ABŞ-la münasibətlərini genişləndirməsi, Rusiya ilə təhlükəsizlik və siyasi əlaqələrə məsafə qoyması Moskva ilə İrəvan arasındakı etimadsızlığı daha da artırıb.Rusiyadakı erməni diasporasının bir hissəsinin Paşinyanın siyasətinə qarşı çıxması məhz bu geosiyasi qarşıdurma fonunda xüsusi əhəmiyyət qazanır.
Toplantıda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə münasibəti də xüsusi müzakirə mövzusu olub. İştirakçılar kilsəyə qarşı təzyiqləri pisləyərək bu məsələni beynəlxalq dini səviyyəyə çıxarmaq niyyətlərini açıqlayıblar.Bunun üçün Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə və Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə əlaqə saxlanılması planlaşdırılır.Bu addım da təsadüfi deyil. Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər son dövrdə kəskinləşib. Xüsusilə II Qareginin hakimiyyətə münasibəti və kilsənin siyasi proseslərdəki mövqeyi ətrafında yaranan qarşıdurma Ermənistan daxilində ciddi mübahisələrə səbəb olub.İndi isə bu qarşıdurmanın beynəlxalq dini platformaya daşınması planlaşdırılır.

Burada əsas sual Rusiyadakı erməni diasporasının Paşinyana real siyasi təzyiq göstərə bilib-bilməyəcəyidir.Ermənistanda 7 iyun seçkilərindən sonra Paşinyanın “Mülki müqavilə” partiyası parlamentdə üstün mövqeyini qoruyub. Bu isə onun hakimiyyətini qısa müddətdə siyasi yolla dəyişmək imkanlarını məhdudlaşdırır.Lakin xaricdəki erməni siyasi və ictimai çevrələrin fəallaşması başqa nəticələr doğura bilər. Onlar Ermənistan daxilindəki müxalif qüvvələrlə əlaqələri gücləndirə, Paşinyan hakimiyyətinin beynəlxalq imicinə zərbə vurmağa çalışa və Moskva ilə İrəvan arasında münasibətlərin bərpası ideyasını gündəmə gətirə bilərlər.Bu baxımdan “Lazarev klubu”nun Soçi toplantısı sadəcə diaspor tədbiri deyil. Burada müxtəlif siyasi və ictimai qrupların Paşinyana qarşı ortaq mövqe formalaşdırmaq cəhdi görünür.Əgər bu proses davam edərsə, Rusiya-Ermənistan münasibətlərindəki qarşıdurma yalnız Kreml və Paşinyan hökuməti arasında diplomatik mübahisə olmaqdan çıxaraq erməni diasporunun daxilində də siyasi parçalanmanı dərinləşdirə bilər.
Ən maraqlısı isə budur: Paşinyan hakimiyyəti Ermənistanda seçki yolu ilə öz mövqeyini möhkəmləndirdiyi bir vaxtda, ona qarşı mübarizənin yeni mərkəzlərindən biri məhz Ermənistanın hüdudlarından kənarda – Rusiyada formalaşmağa başlayır.

