Putinin əsas hədəfi nədir? – Politoloqdan diqqətçəkən açıqlamabackend

Putinin əsas hədəfi nədir? – Politoloqdan diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin regional təhlükəsizlik mühitinə təsiri və Kremlin postsovet məkanına münasibəti beynəlxalq müzakirələrin əsas mövzularından biri olaraq qalır. Ukrayna Prezidenti Volodimir Zelenskinin bu müharibənin təkcə Ukraynanın deyil, digər keçmiş sovet respublikalarının müstəqilliyi baxımından da əhəmiyyət daşıdığı barədə fikirləri müxtəlif yanaşmalar doğurur. Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında məsələyə Azərbaycanın milli maraqları prizmasından münasibət bildirib.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Sovet İttifaqı dağılandan bu günə qədər Rusiya rəhbərliyi keçmiş postsovet ölkələrini öz təsir dairəsində saxlamaq niyyətini heç vaxt gizlətməyib və bu istiqamətdə müxtəlif təzyiq alətlərindən istifadə etməyə davam edir:

“Ən son nümunə isə artıq beşinci ilini yaşayan Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədir və bu müharibə bu gün də davam edir. Vaxtilə Sovet İttifaqının dağılmasında və digər xalqların Rusiya təzyiqindən qurtulmasında Azərbaycanın mühüm rolu olub. Azərbaycanda baş verən milli azadlıq hərəkatı Sovet İttifaqının süqutunu sürətləndirən əsas amillərdən biri idi. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizədə Rusiya açıq şəkildə Ermənistana dəstək verirdi. Hesab edirəm ki, Azərbaycanın təxminən beş il davam edən müqaviməti də keçmiş postsovet məkanındakı digər dövlətlərin manevr imkanlarının genişlənməsinə müəyyən töhfə verdi.

Bu gün Ukraynada davam edən müharibə isə Rusiyanın imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Nəticədə Moskvanın Cənubi Qafqaz, Mərkəzi Asiya, Moldova və Baltikyanı ölkələr üzərində təsir imkanları da əvvəlki dövrlə müqayisədə azalıb. Bu baxımdan Ukraynanın apardığı mübarizə müəyyən mənada postsovet ölkələrinin suverenliyinin qorunmasına da xidmət edən bir savaş kimi qiymətləndirilə bilər”.

Politoloq vurğulayıb ki, Ukraynanın apardığı müharibə ilk növbədə onun ərazi bütövlüyü və dövlət müstəqilliyinin müdafiəsinə yönəlib:

“Lakin bu müharibə Rusiyanın resurslarını ciddi şəkildə tükəndirir, diqqətini başqa istiqamətlərə yönəldir və nəticə etibarilə digər qonşu dövlətlərə təzyiq imkanlarını azaldır. Bu baxımdan Ukrayna Prezidentinin səsləndirdiyi fikirlər müəyyən mənada anlaşılandır.

Putinin planına gəlincə, bu barədə indiyədək dəfələrlə danışılıb və beynəlxalq ictimaiyyət bunu geniş şəkildə müzakirə edir. Ukraynaya qarşı hərbi əməliyyatlar başlayandan sonra jurnalistlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan soruşmuşdular ki, Vladimir Putin bu qərarı dövlət rəhbərliyi ilə müzakirə edibmi? Lavrov isə kinayəli şəkildə cavab vermişdi ki, Putin bunu I Pyotr, I Aleksandr və II Yekaterina ilə məsləhətləşib. Yəni Rusiya imperiyasının formalaşmasında və güclənməsində mühüm rol oynamış, Putinin də xüsusi rəğbət bəslədiyi tarixi şəxsiyyətlərlə.

Bu, simvolik və fəlsəfi məna daşıyan bir ifadə olsa da, mahiyyət etibarilə Putinin baxışını əks etdirir. Onun əsas məqsədi keçmiş postsovet məkanını yenidən Rusiyanın nəzarəti altına almaq, imkan daxilində SSRİ-nin təsir coğrafiyasını bərpa etmək və Rusiyanı yenidən qlobal güc kimi möhkəmləndirməkdir. Başqa sözlə, Kremlin siyasətinin əsasında imperiya ambisiyalarının həyata keçirilməsi dayanır”.

//Gülnarə Abasova, Editor.az