Fərid Mustafayev: Mərkəzi Asiya ilə yaxınlaşma Azərbaycan biznesi üçün yeni imkanlar yaradırbackend

Fərid Mustafayev: Mərkəzi Asiya ilə yaxınlaşma Azərbaycan biznesi üçün yeni imkanlar yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin sürətlə inkişaf etməsi iqtisadi baxımdan mühüm prosesdir.

Bunu AZƏRTAC-a açıqlamasında “F-Holdinq”in təsisçisi, iş adamı Fərid Mustafayev deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin Özbəkistan, Qırğızıstan və regionun digər ölkələrinə səfərləri artıq yalnız siyasi münasibətlərin inkişafı kimi qiymətləndirilməməlidir. Bu səfərlərin arxasında yeni ticarət, investisiya və biznes imkanları da dayanır.

“Azərbaycanla Mərkəzi Asiya arasında siyasi münasibətlərin möhkəmlənməsi biznes üçün də daha rahat əməkdaşlıq mühiti yaradır. Xüsusilə Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Özbəkistanla genişlənən iqtisadi əlaqələr və digər Mərkəzi Asiya ölkələri ilə artan təmaslar Azərbaycan şirkətləri üçün yeni bazarlara çıxış imkanlarını artırır. Burada logistika və nəqliyyat xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas marşrutlardan birinin üzərində yerləşdiyi üçün bu imkanları düzgün dəyərləndirmək lazımdır”, – deyə iş adamı əlavə edib.

Fərid Mustafayevin fikrincə, Azərbaycanın Avropa ilə əməkdaşlığını paralel şəkildə genişləndirməsi bu prosesə əlavə üstünlük verir. Bir tərəfdən Mərkəzi Asiyanın istehsal və resurs imkanları, digər tərəfdən Avropanın böyük bazarı var. Azərbaycan isə bu iki istiqamət arasında mühüm bağlantı rolunu oynaya bilər. Bunun üçün nəqliyyat dəhlizləri ilə yanaşı, ticarət, logistika, enerji, texnologiya və investisiya sahələrində konkret layihələrin sayı artırılmalıdır.

“Azərbaycanın qarşıdakı dövrdə əsas üstünlüyü müxtəlif iqtisadi və siyasi mərkəzlərlə eyni vaxtda işləyə bilməsidir. İndi məsələ yalnız yaxşı diplomatik münasibətlər qurmaq deyil, həmin münasibətləri biznes üçün real nəticələrə çevirməkdir. Azərbaycanın Mərkəzi Asiya, Avropa və digər tərəfdaşlarla əlaqələrinin güclənməsi yeni iqtisadi xəritə yaradır. Bu xəritədə Azərbaycan sadəcə keçid ölkəsi deyil, ticarətin, investisiyanın və biznes əməkdaşlığının əsas mərkəzlərindən birinə çevrilə bilər”, – deyə F.Mustafayev vurğulayıb.