Avropa İttifaqında Rusiyanın neft daşımalarında istifadə etdiyi və Qərb ölkələrində “kölgə donanması” adlandırılan gəmilərin saxlanılması məqsədilə xüsusi dəniz missiyasının yaradılması müzakirə olunur.
Editor.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernand Kartheizer bildirib.
Onun sözlərinə görə, belə bir missiyanın fəaliyyət göstərməsi üçün Baltik və Şimal dənizləri əsas istiqamətlər kimi nəzərdən keçirilə bilər.
Kartheizer qeyd edib ki, Aİ çərçivəsində Rusiyanın neft ixracına dəstək verdiyi hesab edilən gəmilərə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparılır. Təkliflərdən biri üçüncü ölkələrə məxsus gəmilərin saxlanılmasından əvvəl həmin dövlətlərin rəsmi razılığının alınmasını nəzərdə tutur.
Avropalı deputatın fikrincə, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarına əsaslanmır. Bu səbəbdən bəzi ölkələr Avropa İttifaqının üçüncü dövlətlərin bayrağı altında üzən gəmilərə qarşı məcburi tədbirlər görmək hüququnu mübahisələndirə bilər.
Kartheizer həmçinin Aİ-nin hərbi-dəniz qüvvələrinin imkanlarının məhdud olduğunu və onların genişmiqyaslı dəniz əməliyyatları aparmaq üçün kifayət qədər resurslara malik olmadığını vurğulayıb.
Deputat hesab edir ki, Aİ Baltik və ya Şimal dənizlərində üçüncü ölkələrə məxsus gəmilərə qarşı güc tətbiq etməyə cəhd göstərərsə, bunun digər regionlarda, o cümlədən Sakit və Hind okeanlarında mümkün qarşıdurmalara yol açması riski yarana bilər.
“Avropa siyasətçiləri və Aİ rəsmiləri bu riskləri nəzərə almalıdırlar”, — deyə Kartheizer bildirib.
//Gülnarə Abasova, Editor.az

