Alimlər üzdə, xüsusilə göz qapaqları ətrafında yaranan sarımtıl ləkə və törəmələrin infarkt və insult riskinin artmasına işarə edə biləcəyini müəyyən ediblər.
Stanford Universitetinin alimləri tərəfindən aparılan araşdırmada təxminən 36 min insanın tibbi məlumatları təhlil olunub.
Editor.az xəbər verir ki, təfqiqatın nəticələri “Atherosclerosis” jurnalında dərc edilib.
Söhbət ksantelazmalardan – göz ətrafında əmələ gələn sarımtıl törəmələrdən gedir. Bu cür ləkələr hüceyrələrdə xolesterin və digər yağların toplanması nəticəsində yaranır. Ksantelazmalara qanda xolesterinin səviyyəsi yüksək olan insanlarda daha çox rast gəlinsə də, onlar qan göstəriciləri normal olan şəxslərdə də meydana çıxa bilər.
Tədqiqat çərçivəsində ksantelazması olan 17 925 nəfərin göstəriciləri eyni sayda bu törəmələrə malik olmayan insanların məlumatları ilə müqayisə edilib.
Nəticələrə görə, diaqnozdan sonrakı ilk il ərzində ksantelazması olan insanların 1 faizində infarkt baş verib. Bu göstərici törəmələri olmayan qrupda 0,35 faiz təşkil edib. İnsult isə müvafiq olaraq 0,95 və 0,3 faiz hallarında qeydə alınıb.
Bundan başqa, beyində qan dövranının qısa müddətə pozulması ilə xarakterizə olunan tranzitor işemik atak ksantelazması olan insanların 0,6 faizində, digər qrupun isə 0,19 faizində müşahidə olunub.
Alimlərin sözlərinə görə, ürək-damar ağırlaşmaları ilə bağlı yüksək risk yalnız qısa müddət ərzində müşahidə edilməyib. Bu əlaqə araşdırmadan beş və hətta 10 il sonra da özünü göstərib. Maraqlıdır ki, ksantelazmalarla infarkt və insult riski arasındakı əlaqə qandakı yağların səviyyəsindən asılı olmayıb.
Tədqiqatçılar xüsusilə vurğulayırlar ki, göz qapaqlarında yaranan bu sarımtıl törəmələrin özləri infarkt və ya insultun birbaşa səbəbi deyil. Onlar ürək-damar xəstəlikləri riskini artıran müəyyən pozuntuların xarici göstəricisi ola bilər.
Bu səbəbdən göz ətrafında belə törəmələrin yaranması xolesterinin səviyyəsini, arterial təzyiqi və ürək-damar sisteminin digər əsas göstəricilərini yoxlatdırmaq üçün səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az

