Birinci sinfə başlamaq uşaq üçün yalnız yeni bir təhsil mühitinə daxil olmaq demək deyil. Bu, valideyndən fiziki olaraq ayrılmaq, yeni böyüklərlə münasibət qurmaq, yaşıdları arasında öz yerini tapmaq və daha çox məsuliyyət daşımaq deməkdir. Buna görə də xüsusilə utancaq, valideyninə daha çox ehtiyac duyan və özünə inamı zəif olan uşaqlar məktəbə uyğunlaşarkən çətinlik çəkə bilərlər.
Bu dövrdə ən vacib olan uşağa təzyiq göstərmək deyil, onu dinləmək, hisslərini qəbul etmək və özünə güvənməsinə dəstək olmaqdır.
Uşağın qorxusunu kiçiltməyin
“Qorxma”, “Ağlama” demək əvəzinə: “Sənin narahat olduğunu başa düşürəm, amma bunun öhdəsindən gələ bilərsən” deyin.
Sağollaşmanı qısa edin
Məktəbdə uzun-uzadı vidalaşmaq və gizlicə uzaqlaşmaq uşağın narahatlığını artıra bilər.
Uşağa kiçik məsuliyyətlər verin
Çantasını hazırlamaq, paltarını seçmək kimi işləri özü görsün. Bu, özünə inamını artırır.
Hər problemi onun əvəzinə həll etməyin
Əvvəlcə “Səncə, bunu necə həll edə bilərik?” deyə soruşun. Uşağın problem həll etmə bacarığını inkişaf etdirin.
Uşağı digər uşaqlarla müqayisə etməyin
“Bax, dostun necə yaxşı oxuyur” kimi sözlər onun özünə inamını azalda bilər.
Məktəbdən qayıdanda konkret suallar verin
“Bu gün səni ən çox nə sevindirdi?”, “Çətinlik çəkdiyin bir şey oldumu?” kimi suallar uşağın danışmasını asanlaşdırır.
Uşaq danışanda onu günahlandırmayın
“Niyə belə etdin?” əvəzinə “Bunu mənimlə paylaşdığın üçün təşəkkür edirəm” deyin.
Ağlamağı və kədərlənməyi normal qəbul edin
Güclü uşaq heç vaxt ağlamayan uşaq deyil. Əsas məsələ çətin hisslərin öhdəsindən gəlməyi öyrənməsidir.
“Mən bacarmıram” sözünə diqqət edin
“Hələ bacarmıram” düşüncəsini formalaşdırın. Səhvin öyrənmənin bir hissəsi olduğunu göstərin.
Ən əsası, uşağa güvən verin
Ona deyin: “Hər şeyi dərhal bacarmaq məcburiyyətində deyilsən. Çətinlik çəkəndə mənə danışa bilərsən. Mən həmişə sənin yanındayam.”/pravdaaz/

