Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb. Ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir. 6 ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı – 175 min manata alıcı axtarır. Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.
Qeyd edək ki, Səlim Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə, eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib. Son dövrlər məhkəmə qərarı ilə müsadirə olunan əmlakların sayında ciddi artım müşahidə edilir. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin, eyni zamanda, əmlakının müsadirə olunması barədə qərar çıxarılır. Qərar isə həmin şəxsin vətəndaşlara və dövlətə vurduğu maddi zərərin məhkəmə tərəfindən təsbit olunmasından sonra verilir. Daha sonra isə bu əmlakların qiymətlərinin necə müəyyənləşdirildiyi və nə qədər zərəri qarşıladığı bəzən məlum olmur.
Bəs bu vəsaitlər dövlət nəfinə necə alınır? Səlim Müslümovdan sonra sıra kimdədir, kimlərin əmlaklarını müsadirə gözləyir?
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin yanvarında keçirilən əməliyyatdan sonra həbs edilmişdi. Onun cinayət işi üzrə 27 milyon manatdan artıq mənimsəmə, israfetmə və rüşvət ittihamlarından bəhs olunurdu. Açıq mənbələrdə yayılan məlumatlara görə, keçmiş nazirə rüşvət alma, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar irəli sürülmüşdü. Səlim Müslümovun işi üzrə hökm 17 yanvar 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində elan edildi. Məhkəmə ona 5 il sınaq müddəti olmaqla 11 il şərti cəza verdi. Hökmlə yanaşı, keçmiş nazirin və yaxınlarının adına rəsmiləşdirilmiş, ümumi dəyəri təxminən 8 milyon manat olan bir sıra əmlakların müsadirəsinə qərar verildi. Müsadirə olunan əmlaklar arasında Binəqədi rayonunda Ziya Bünyadov prospektində yerləşən mənzillər; Yasamal rayonunda Mirzə İbrahimov küçəsində mənzil; Nərimanov rayonunda Oqtay Kərimov küçəsində iki ev; Məmməd Araz küçəsində ev; Bakıdakı torpaq sahələri; Səbail rayonunda qeyri-yaşayış obyekti yer alıb.
Səlim Müslümovun əmlaklarının hərraca çıxarılması isə artıq müsadirənin növbəti mərhələsini göstərir. 2026-cı ilin yayında onun Yasamal rayonunda yerləşən 370,4 kvadratmetrlik mənzillərindən biri də təkrar hərraca çıxarılmış, ilkin satışların nəticəsiz qalmasından sonra əmlaka endirim tətbiq edilmişdi. Beləliklə, Müslümovun işi Azərbaycanda mühüm bir sualı ortaya qoyur: Məhkəmə müsadirə edir, bəs həmin milyonluq əmlak sonradan neçə manata satılır və dövlətə real olaraq nə qədər vəsait qaytarılır?
Əmlak müsadirəsi ilə bağlı ən böyük rezonans doğuran işlərdən biri İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi oldu.

O, 2020-ci ilin mayında həbs edildi. 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Vilyam Hacıyevi 12 il müddətinə azadlıqdan məhrum etdi. Hökmə əsasən, onun və ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlaklar da müsadirə edildi. Məhkəmə materiallarında müsadirə olunan əmlakların ümumi dəyərinin təxminən 5 milyon 344 min manat olduğu göstərilib. Bu siyahıda Bakının Teymur Əliyev küçəsində təxminən 1,8 milyon manatlıq ev; Nərimanov rayonunda mənzil; Nardaran qəsəbəsində milyonlarla manat dəyərində bağ evi; Xırdalanda bir neçə mənzil; “Bentley” və BMW markalı avtomobillər; digər daşınar və daşınmaz əmlaklar var idi.
Əmlaklarla bağlı mübahisə sonradan Ali Məhkəməyə qədər davam edib. 2023-cü ildə Ali Məhkəmə ailə üzvlərinin müsadirə qərarından verdiyi şikayəti təmin etməyib və milyonlarla manatlıq əmlakın dövlət nəfinə keçirilməsi ilə bağlı qərar qüvvədə saxlanılıb. Bu iş bir daha göstərdi ki, müsadirə yalnız məhkumun öz adına olan əmlakla məhdudlaşmır. Məhkəmə konkret əmlakın cinayət yolu ilə əldə edilmiş vəsaitlə bağlı olduğu qənaətinə gələrsə, onun formal olaraq ailə üzvünün adına olması da hüquqi mübahisəni aradan qaldırmır.
Ən böyük həcmli müsadirə işlərindən biri keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla bağlı olub.

Bakı Hərbi Məhkəməsi onun cinayət işi üzrə hökm çıxararkən keçmiş MTN generalına 12 il həbs cəzası vermiş, general rütbəsindən məhrum edilməsinə və təxminən 30 milyon manatlıq əmlakın müsadirəsinə qərar vermişdi. Lakin əmlakların hüquqi taleyi uzun illər davam edən məhkəmə mübahisəsinə çevrildi. Məsələ müxtəlif məhkəmə instansiyalarında araşdırıldıqdan sonra 2024-cü ilin aprelində Ali Məhkəmədə əmlaklarla bağlı yekun qərar verildi. Açıq mənbələrdə yayılan məlumatlara görə, Akif Çovdarovun özünə və yaxınlarına aid xeyli əmlakın müsadirəsi ilə bağlı proses təxminən 9 il davam edib.
Bu iş əmlak müsadirəsinin ən mürəkkəb tərəfini ortaya qoyur. Məhkəmə hökmü ilə əmlak müsadirə olunsa belə, həmin əmlakların konkret sahibliyi, mənşəyi və ailə üzvlərinin hüquqları ilə bağlı mübahisələr illərlə davam edə bilər.
Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 2019-cu ilin dekabrında həbs edilən ilk icra başçılarından biri oldu.

30 sentyabr 2021-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsi ona 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası verdi. Sonrakı mərhələlərdə cəzanın müddəti dəyişdirildi. Əmlak müsadirəsi isə işin ən diqqətçəkən hissələrindən biri idi. Müsadirə olunan əmlaklar arasında Bakıda 377 min və 220 min manat dəyərində iki mənzil; Yevlax şəhərində kommersiya obyektləri; Qoyunbinəsi və Havarlı kəndlərində torpaq sahələri; Goranboy rayonunda torpaqlar və yaşayış evləri; Yevlaxın Aran qəsəbəsində “Su səsi” restoranı; Salahlı kəndində böyük kommersiya obyekti; tikintisi yarımçıq qalmış uşaq bağçası; nağd pul yer alıb.
Məhkəmə qərarına əsasən, müsadirə edilən əmlakın bir hissəsinin dövlət qurumlarına vurulduğu müəyyən edilmiş ziyanın ödənilməsinə, qalan hissəsinin isə dövlət nəfinə keçirilməsinə qərar verilmişdi.
Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev də 2019-cu ilin dekabrında həbs edilmişdi.

2021-ci ilin avqustunda Gəncə Ağır Cinayətlər Məhkəməsi ona 9 il azadlıqdan məhrumetmə cəzası verdi və üzərinə həbs qoyulmuş əmlakların xüsusi müsadirəsinə qərar çıxardı. Lakin bu işdə maraqlı hüquqi vəziyyət yarandı. Əvvəlcə müsadirə olunan əmlaklarla bağlı qərar sonrakı instansiyada ləğv edildi. Daha sonra isə 2023-cü ilin mayında Gəncə Apellyasiya Məhkəməsi keçmiş icra başçısının özünə və yaxınlarına aid təxminən 600 min manatlıq əmlakın yenidən müsadirəsinə qərar verdi.
Bu fakt göstərir ki, müsadirə prosesi hətta hökm elan edildikdən sonra da dəyişə və uzunmüddətli hüquqi mübahisələrə çevrilə bilər.
Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyev DTX-nin keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi.

2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum etdi. Hökmlə yanaşı, onun Bakının müxtəlif ünvanlarında yerləşən iki mənzili və bir avtomobili dövlət nəfinə müsadirə edildi. Sonradan Ali Məhkəmənin qərarı ilə Mahir Quliyevin həbs müddəti 8 il 3 aya endirildi. Lakin əmlak mübahisələri bitmədi. 2025-ci ildə Bakının Xətai rayonunda yerləşən və təxminən 454 min manat dəyərində qiymətləndirilən mənzillərin müsadirədən çıxarılması tələbi üzrə növbəti məhkəmə baxışı keçirildi. Şikayət təmin edilmədi.
Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev 2020-ci ilin fevralında həbs edilmişdi.

29 oktyabr 2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 10 il azadlıqdan məhrumetmə cəzası verdi. Məhkəmə qərarlarında onun əmlakları ilə bağlı da geniş siyahı yer alıb. Sabiq icra başçısının 12 əmlakı, ümumi dəyəri təxminən 5 milyon manat olan mülkləri dövlət nəfinə xüsusi müsadirə edilib.
Siyahıda Bakının Səbail rayonunda mənzil; Gəncədə fərdi yaşayış evi; Yasamal rayonunda bir sıra mənzil və qeyri-yaşayış sahələri; Qobustan rayonunda əmlak kompleksi; Mərəzədə qeyri-yaşayış binası; “Neftçala Taxıl” ASC ilə bağlı müəssisə; Neftçala şəhərində “Yurdum” adlı ictimai-iaşə obyekti, torpaq sahələri var idi. Bu, keçmiş rayon rəhbərləri arasında müsadirə edilən əmlakların həcm və çeşid baxımından ən geniş siyahılarından biridir.
Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalov 2020-ci ildə həbs edilmişdi.

8 iyul 2022-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum etdi. Hökmlə yanaşı, keçmiş icra başçısının və yaxınlarının bir sıra əmlaklarının müsadirəsinə qərar verildi. Məhkəmə qarşısında Cəlilabad Rayon İcra Hakimiyyəti keçmiş başçıya qarşı 3 milyon manatlıq, DOST Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırmışdı. Müsadirə edilən əmlakların həmin ziyanın ödənilməsinə yönəldilməsi nəzərdə tutulurdu.
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində həbs edilmişdi.

24 iyun 2024-cü ildə Gəncə Ağır Cinayətlər Məhkəməsi ona 11 il 6 ay azadlıqdan məhrumetmə cəzası verdi. Hökmlə yanaşı, onun və yaxınlarının adına olan bir sıra daşınmaz əmlakların müsadirəsinə qərar verildi. Müsadirə olunan əmlaklar sırasında Bakının “Sipark” yaşayış kompleksində yerləşən mənzillər də var idi. Açıq mənbələrdə həmin mənzillərin istintaq dövründə ümumi dəyərinin 677 min manat qiymətləndirildiyi bildirilib.
Alimpaşa Məmmədovun işi üzrə diqqətçəkən başqa məqam isə ailə ilə əlaqələndirilən müəssisələrin taleyi oldu. Açıq mənbələrdə onun ailəsindən alınmış müəssisələr sırasında “Abad Şəmkir” MMC qida məhsulları istehsalı müəssisəsi; “AzFarel” MMC balıq yetişdirmə və emalı müəssisəsi kimi şirkətlərin adı çəkilib. 2025-ci ildə Ali Məhkəmədə onun əmlaklarla bağlı şikayətinə baxılıb və əmlak hissəsindəki şikayət təmin edilməyib. Eyni zamanda, apellyasiya instansiyası tərəfindən onun həbs cəzası 10 il 6 aya endirilmişdi.
Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov 2020-ci ildə həbs edilmiş və 22 oktyabr 2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Onun əmlaklarının üzərinə həbs qoyulmuş və birinci instansiya məhkəməsi tərəfindən həmin əmlakların müsadirəsinə qərar verilmişdi. Lakin sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü əmlaklarla bağlı hissədə dəyişdirərək müsadirə qərarını ləğv etdi. İstintaq zamanı əmlaka həbs qoyulması onun avtomatik olaraq dövlət nəfinə keçəcəyi demək deyil. Hətta birinci instansiyanın müsadirə qərarı da sonrakı məhkəmə instansiyalarında dəyişdirilə bilər.
Səlim Müslümovun əmlakının yarı qiymətinə satışa çıxarılması bu suala yeni məna verir. Çünki məhkəmə qərarı ilə müsadirə olunan əmlakların sayı artıq kifayət qədər böyükdür. Son illərin yalnız ən rezonanslı işlərində söhbət onlarla mənzildən; villalardan; milyonluq bağ evlərindən; torpaq sahələrindən; restoranlardan; kommersiya obyektlərindən; zavod və müəssisələrdən; bahalı avtomobillərdən gedir. Lakin ictimaiyyətin qarşısında növbəti mərhələ ilə bağlı suallar açıq qalır. Bu əmlakların hamısı artıq satılıbmı? Hansıları dövlət balansına götürülüb? Hansıları hərraca çıxarılıb? İlkin qiymətləndirmə ilə real satış qiyməti arasında nə qədər fərq var? Satışdan daxil olan vəsaitlər konkret olaraq hansı zərərin ödənilməsinə yönəldilib? Və ən mühüm sual müsadirə olunan milyonlar dövlətə tam qayıdırmı?”
Səlim Müslümovun villasının qiymətinin 350 mindən 175 min manata düşməsi göstərir ki, müsadirə haqqında hökmün çıxarılması hələ dövlətin həmin əmlakın dəyərini tam şəkildə geri alması demək deyil. Qiymət bazara uyğun müəyyənləşdirilməli, alıcı tapılmalı, əmlak satılmalıdır. Nəhayət, əldə olunan pul məhkəmə qərarında göstərilən zərərin ödənilməsinə yönəldilməlidir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin növbəti böyük mərhələsi, görünür, artıq həbs və hökmlərdən sonra başlayır. Məhkəmələr tərəfindən müsadirə edilmiş növbəti milyonluq villa, növbəti elit mənzil, növbəti zavod və ya torpaq sahəsi nə vaxt satışa çıxarılacaq? Onlar neçəyə satılacaq? Çünki Səlim Müslümovun yarı qiymətinə satışa çıxarılan villası göstərir ki, “əmlak müsadirə edildi” xəbəri əslində prosesin sonu deyil. Əsl hesablaşma həmin əmlakın pula çevrilməsi və dövlətin nə qədər vəsaiti həqiqətən geri qaytara bilməsi ilə başlayır…
Musavat.com

