İlon Mask Ukraynanın Rusiyaya zərbələr üçün Starlink-dən istifadəsinə qarşı çıxır
SpaceX şirkətinin rəhbəri İlon Mask Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün Starlink peyk rabitə sistemindən istifadəsinə icazə vermək istəmir.
Bu barədə The Kyiv Independent üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna tərəfi Starlink ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından Rusiya ərazisində, xüsusilə də Ukrayna şəhərlərinə zərbələr endirən ballistik raket sistemlərinə qarşı istifadə etmək üçün icazə almağa çalışır.
Mənbələrin bildirdiyinə görə, Mask belə bir addımın münaqişənin daha da genişlənməsinə səbəb ola biləcəyindən narahatdır. O, daha əvvəl də Starlink-in Rusiyanın dərinliklərində hərbi məqsədlərlə istifadəsinin eskalasiyaya gətirib çıxara biləcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 22-də Maskın mövqeyini dəyişə biləcəyini açıqlamışdı. Bununla belə, The Kyiv Independent-in son məlumatına əsasən, hazırda Ukraynanın Rusiyaya qarşı zərbələr üçün Starlink-dən geniş şəkildə istifadə etməsinə dair razılıq əldə olunmayıb.
//Samir Qurbanov, Editor.az

