İran fonunda strateji açıqlama: Prezidentdən dünyaya açıq xəbərdarlıqbackend

İran fonunda strateji açıqlama: Prezidentdən dünyaya açıq xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycanın heç vaxt toqquşma məkanı olmayacağını, əksinə, əməkdaşlıq platforması kimi çıxış edəcəyini bəyan etməsi mövcud geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının bu fikirləri həm regional proseslər, həm də qlobal güclər arasında artan gərginlik fonunda Azərbaycanın prinsipial və dəyişməz mövqeyini ifadə edən açıq mesaj kimi dəyərləndirilə bilər.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi mövqe ölkəmizin uzun illərdir həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasətin məntiqi davamıdır:

“Azərbaycan 30 ilə yaxın müddətdə müharibə şəraitində yaşamış ölkə kimi qarşıdurmanın və geosiyasi toqquşmaların ağır nəticələrini yaxşı bilir. Məhz bu təcrübə dövlətimizin siyasətində sülhə və sabitliyə prioritet verilməsini şərtləndirib. Azərbaycan indiyədək öz ərazisinin üçüncü tərəflər tərəfindən hərbi məqsədlərlə istifadəsinə imkan verməyib və bundan sonra da verməyəcək.

Doğrudur, ölkəmiz NATO çərçivəsində sülhməramlı missiyalarda iştirak edib. Lakin bu iştirak beynəlxalq təhlükəsizliyə töhfə xarakteri daşıyıb və heç vaxt regionda hərbi balansın pozulmasına xidmət etməyib. Azərbaycan daim regional təhlükəsizlik mühitinin qorunmasına məsuliyyətlə yanaşıb.

Hazırda qonşu İranda müşahidə olunan gərginlik fonunda Prezidentin səsləndirdiyi fikirlər xüsusi aktuallıq kəsb edir. Azərbaycan heç bir halda hər hansı qarşıdurmanın tərəfi və ya plasdarmı olmayacaq. Biz müharibənin nə demək olduğunu yaşamış ölkə kimi bütün mübahisələrin diplomatik yollarla həllini dəstəkləyirik və gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərlə çıxış edirik.

Ölkəmizin ərazisi bu gün regional və qlobal əməkdaşlıq layihələrinin kəsişdiyi məkandır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin genişləndirilməsi Azərbaycanın sülh və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Bu reallıq onu göstərir ki, ölkəmizin strateji mövqeyi qarşıdurma deyil, inteqrasiya və iqtisadi tərəfdaşlıq üçün istifadə olunur.

Eyni zamanda, sabitlik və proqnozlaşdırıla bilən siyasət investisiya cəlbediciliyinin əsas şərtləridir. Beynəlxalq investorlar riskli və gərginlik ehtimalı yüksək olan məkanlara deyil, təhlükəsiz və dayanıqlı ölkələrə üstünlük verirlər. Azərbaycan isə güclü iqtisadi potensiala, geniş regional layihələrə və əlverişli investisiya mühitinə malikdir. ABŞ Ticarət Palatasının nümayəndə heyətinin ölkəmizə səfəri də məhz bu reallığın göstəricisidir və qarşıdakı dövrdə iri investisiya layihələri üzrə əməkdaşlığın genişlənəcəyini deməyə əsas verir”.

//Gülnarə Abasova, Editor.az