Ermənistanda Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar qanunvericilik dəyişikliklərinin qəbulundan bir gün sonra ABŞ və Ermənistan arasında işçi qrupunun iclası keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş videokonfrans formatında təşkil olunub.
Tərəflər Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələləri, eləcə də ABŞ və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında xartiyanın həyata keçirilməsini müzakirə ediblər.
Danışıqlar zamanı nadir torpaq elementləri və digər faydalı qazıntılarla bağlı əməkdaşlıq məsələlərinə də toxunulub.
İclasda ikitərəfli əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilib.
Ermənistan parlamenti noyabrın 12-də layihəni həyata keçirəcək şirkətin yaradılması üçün zəruri qanunvericilik dəyişikliklərini ikinci oxunuşda qəbul edib.
ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, Zəngəzur dəhlizi layihəsini həyata keçirəcək şirkətin səhmlərinin 74 faizi ABŞ tərəfinə, 26 faizi isə Ermənistana məxsus olacaq. Bu mülkiyyət bölgüsü ilkin 49 illik müddət üçün nəzərdə tutulub.
Musavat.com

