Tanınmış iş adamı Şərurlu İsfəndiyar son açıqlaması ilə yenidən gündəmə gəlib. Musavat.com xəbər verir ki, iş adamı açıqlamasında insanın öz ömrünü müəyyən edə biləcəyini bildirib.
Şərurlu İsfəndiyar uzunömürlülük üçün qidalanma və sağlam həyat tərzinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, 20 yaşa qədər müəyyən miqdarda yağdan istifadə etmək mümkündür, lakin daha sonrakı yaşlarda əsasən zeytun yağına üstünlük verilməlidir. O, ümumiyyətlə, yağlı qidalardan uzaq durmağı tövsiyə edib.
İş adamı şirniyyat və tort kimi qidaların da menyudan çıxarılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, şirniyyat qəbul ediləcəksə, bunu yeməkdən əvvəl etmək lazımdır, əks halda həzm problemi yarana bilər.
Şərurlu İsfəndiyar 100 il və daha çox yaşamaq istəyən insanlara həkim məsləhətlərinə əməl etməyi və fiziki aktiv olmağı tövsiyə edib. O, həftədə 3-4 gün, hər dəfə 3-4 kilometr məsafəni piyada qət etməyin faydalı olduğunu qeyd edib.
Tanınmış iş adamı gündəlik qida rasionuna da toxunub. O, tərəvəz, meyvə, çörək və kartofun qidalanmada yer ala biləcəyini bildirib. Xüsusilə balıq yeməyin vacibliyini vurğulayan iş adamı bunun göz sağlamlığı və aktiv həyat tərzi baxımından faydalı olduğunu söyləyib.
Şərurlu İsfəndiyarın sözlərinə görə, insan uzun və sağlam ömür sürmək üçün öz sağlamlığının qayğısına qalmalı, düzgün qidalanmalı və zərərli vərdişlərdən uzaq durmalıdır.

