Kardioloq Rikardo Kals bəzi insanlar üçün arxasıüstə yatmağın ürək sağlamlığı baxımından risk yarada biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə dil və yumşaq damaq geriyə doğru sürüşərək tənəffüs yollarını daralda bilər ki, bu da yuxu apnesinin yaranmasına səbəb olur.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Həkim qeyd edib ki, yuxu apnesi ürək-damar sisteminə mənfi təsir göstərir və yüksək qan təzyiqi ilə sıx əlaqəlidir. Bu isə öz növbəsində kəskin miokard infarktı, insult, ürək çatışmazlığı və qulaqcıqların fibrilasiyası kimi ciddi xəstəliklərin riskini artırır.
Mütəxəssis vurğulayıb ki, arxasıüstə yatmaq hər kəs üçün təhlükəli hesab olunmasa da, xüsusilə yuxu apnesinə meylli şəxslər bu mövqeyə diqqət yetirməlidirlər. Belə hallarda yuxu keyfiyyətinin və ürək sağlamlığının qorunması üçün həkim məsləhəti almaq tövsiyə olunur.
Xatırladaq ki, daha əvvəl somnoloqlar gündüz yuxusundan sonra yorğunluq hissinin yaranmasını yuxunun dərin mərhələlərinə keçidlə əlaqələndirmişdilər. Onların sözlərinə görə, gündüz yuxusu 30 dəqiqədən çox davam etdikdə beyin dərin yuxu fazasına daxil olur və oyandıqdan sonra halsızlıq, lənglik və orientasiya pozğunluğu müşahidə edilə bilər.
//Gülnarə Abasova, Editor.az


