“Məmurlar və işbazlar vauçerlərdən milyardlar qazandılar”backend

“Məmurlar və işbazlar vauçerlərdən milyardlar qazandılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Deputat: “Özəlləşdirmə çeklərindən vətəndaşlar yox, bir qrup məmur və işbazlar faydalandı”

Ekspert: “Vətəndaşların əlində qalan çeklərin statistikası aparılmalı, dövlət tərəfindən kreditlə alınmalıdır

1996-cı ildə ümummilli lider, mərhum prezident Heydər Əliyev hər bir vətəndaşa dörd çek payı olmaqla, əvəzsiz özəlləşdirmə vauçerlərinin paylanması ilə bağlı fərman verdi. 1997-ci ilin yanvarından bu vaçerlər vətəndaşlara paylanıldı. Uzun müddət özəlləşdirmə çekləri vətəndaşların əlində qalsa da, ucuz olması fonunda vətəndaşlar onu satmaqdan imtina edirdi. Məhz elə bunun nəticəsidir ki. Dəfələrlə özəlləşdirmə çeklərinin tədavül müddəti uzadılsa da, mülkiyyət hüquqlarını qoruyan vətəndaşlar gözləmə mövqeyinə üstünlük verirdi.

2011-ci ildən etibarən isə Azərbaycanda özəlləşdirmə çeklərinin (vauçerlər) tədavül müddəti dayanıb. Lakin bu gün də yüzminlərlə insan var ki, çekləri əlində qalıb. Özəlləşdirmə çeklərinin yenidən tədavülə qayıtması mümkündürmü? Kütləvi özəllədirmə zamanı baş verən neqativ hallara görə, məsələyə hüquqi qiymət veriləb bilərmi?

Editor.az məsələni Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev və iqtisadçı ekspert Pərviz Heydərovla müzakirə edib.

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasında məqsəd vətəndaşların mənafeyni qorumaq olsa da, birbaşa məsul məmurlar bundan vətəndaşların illər boyu əldə etdiklərini talamaq məqsədilə istifadə etdilər:

“Sadə vətəndaşlara bunun heç bir xeyri olmadı. Əhali özəlləşdirməyə hazır deyildi, heç vətəndaş bilmirdi ki, çeklər necə özəlləşdirilməlidir? İnzibati resursu olanlar, imkanlı şəxslər, məmurlar dövlət əmlakını qəpik-quruşa ələ keçirərək milyarder oldular. Özəlləşdirmə çeklərindən 15-18 ədədi məndə də var. Mənə bununla bağlı onlarla vətəndaş müraciət edir ki, bu məsələ parlamentdə qaldırılsın. Nə vaxtsa bu məsələyə hüquqi qiymət veriləcək. Lakin bununla nəsə əldə etmək inanmıram ki, mümkün olsun. Artıq taladıqlarını talayıblar”.

Deputat qeyd edib ki, özəlləşdirmə çekləri ilə bağlı məsələdə öz maraqlarını güdən və dövlət əmlakını müxtəlif yollarla qanuniləşdirib ələ keçirilən məmurlarla bağlı mütləq tədbir görülməlidir: “Məsələ ilə bağlı hazırda yekun qərar yoxdur. Bu məsələ Cənab Prezidentin əlavə sərəncamı ilə yeniden qüvvədədir. Əllərində çekləri qalan vətəndaşlara çox böyük haqsızlıqlar edilib. Vətəndaşlar ehtiyacı olsa belə çekləri satmayıb saxlayıbsa, onların bu çeklərdən istifadə etməsi üçün şərait yaradılmalıdır. Növbəti dəfə investisiya olmayan, gəlir gətirməyən müəyyən dövlət müəssisələri özəlləşdirilməyə çıxarılarsa, bu çeklər yenidən tədavülə qayıda bilər. Bu əsnada onların bahalşması da gözlənilir. Düşünürəm ki, bu həm iqtisadiyyatın situmullaşdırılmasına gətirib çıxara, həm də biznesin inkişafına xeyli təsir göstərə bilər”.

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, özəlləşdirilmə çeklərinin yenidən tədavülə qayıtması mümkündür. Çünki xeyli sayda vətəndaşın çekləri əllərində qalıb və çeklərin taleyi qaranlıqdır:

“Özəlləşdirilmə çeklərinin dövriyyəyə buraxılmasında əsas məqsəd sadə vətəndaşların geniş və orta özəlləşdirilmə islahatları zamanı dövlət əmlakından müəyyən pay əldə edə bilmələri idi. Özəlləşdirilməyə başlanılan zaman vətəndaşların iqtisadi və hüquqi bilikləri kifayət qədər yox idi. Eyni zamanda həmin illərdə bir sıra vətəndaşların sosial vəziyyəti də yaxşı deyildi. Bu çeklərdən istifadə mexanizminin qeyri -səmərəliyi ucbatından fiziki şəxslər prosesdə geniş iştirak edə bilmədi. Nəticədə çeklərin alış-satışı ilə bağlı qısa müddətdə qara bazar formalaşdı və çeklər dəyər-dəyməzinə satıldı. Bunun əsas səbəbi ölkədə müəyyən tələblər çərçivəsində qiymətli kağızlar bazarının olmamasıdır. Mütləq şəkildə qiymətli kağızlar bazarı inkişaf etdirilməli, daha sonra bu çeklərin yenidən tədavülə qayıtmasının effektivliyi müzakirə edilməlidir”.

Pərviz Həydərov deyib ki, özəlləşdirilmə çekləri ilə bağlı məsələyə hüquqi qiymət verilməsi özəlləşdirilmə prosesi nəticəsində dövlət əmlakına yiyələnmiş qruplaşmalara qarşı yenidən mübarizə aparmaq və vətəndaşların tapalanmış hüquqlarının bərpasına, əmlakın yenidən bölüşdürülməsi məsələsinə qayıtmaq deməkdir: “Bu məsələ absurddur və bazar iqtisadiyyatının, mövcud iqtisadi sistemin tələblərinə uyğun gəlmir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasında başlıca məqsəd ölkədə çoxlu sayda gəlir gətirməyən, dövlət mülkiyyətindən çıxarılması vacib sayılan müəssisələrin səmərəli yolla özəlləşdirilməsidir. Holdinqin tabeliyinə verilən müəssisələrin gələcəkdə özəlləşdirilməsi artıq kiçik və orta özəlləşdirilmə prosesindən fərqli olacaq. İndiki özəlləşdirilən müəssisələr üçün investorlar lazımdır. Bu investorlar arasında daha güclü rəqabət olacaq. Bu müəssisə və obyektlərin özəlləşdirilməsində özəlləşdirilmə çəkləri vasitəsilə müvafiq mexanizmin tətbiqi mümkün görünmür”.

Pərviz Heydərov hesab edir ki, özəlləşdirilmə çeklərinin yenidən tədavülə buraxılması üçün lazimi səviyyədə iş mexanizmi hazırlanmalı və bu mexanizmin konkret məqsədi və hədəfi olmalıdır: “Qanunvericiliklə bu məsələnin birdəfəlik həlli istiqamətində addımlar atılmalıdır. Təklif edirəm ki, özəlləşdirilmə çekləri əllərində qalan vətəndaşları və onlarda olan çeklərin miqdarını müəyyən edib həmin vətəndaşların sosial durumunu əsas götürərək, çeklər dövlət tərəfindən kreditlə alınsın və bununla bağlı müvafiq qərar edilsin”.

// Gülnarə Abbasova, Editor.az