Arxeoloqlar Almaniyanın cənub-qərbində yerləşən Hohle-Fels mağarasında buz dövrünə aid nadir tapıntılar aşkar ediblər. Mamont fil sümüyündən oyulmuş fiqurların ölçüsü insan dırnağından böyük deyil.
Editor.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu kiçik heykəlciklər buz dövrünün ən incə sənət nümunələrindən hesab oluna bilər. Tədqiqatçılar onların bölgədə məskunlaşan ilk Homo sapiens nümayəndələri tərəfindən hazırlandığını ehtimal edirlər.
Fiqurlardan birində sakit vəziyyətdə, sanki yerdə oturan quş təsvir olunub. Digər fiqurda isə qanadlarını açmış və uçuşda olan quş əks etdirilib. Alimlər təsvirlərin buz dövründə Avropanın soyuq iqlimində yaşayan kəklik və ya tetra quşlarına bənzədiyini düşünürlər.
Tədqiqatçıların qənaətinə görə, bu əşyalar yalnız bəzək məqsədi daşımaya bilərdi. Onların simvolik məna daşıdığı, şəxsi talisman kimi istifadə edildiyi və ya müəyyən bir qrupa mənsubiyyəti ifadə etdiyi ehtimal olunur.
Hohle-Fels mağarası Avropanın ən mühüm qədim arxeoloji abidələrindən biri hesab edilir və burada insanlığın erkən dövrlərinə aid bir sıra qiymətli artefaktlar aşkar olunub.
//Gülnarə Abasova, Editor.az

