Saç transplantasiyası üçün payız ayları daha əlverişli dövr hesab olunur. Mütəxəssislərin fikrincə, bu fəsildə əməliyyatdan sonrakı bərpa prosesinə təsir edə biləcək yüksək temperatur və intensiv günəş şüaları kimi amillər daha az problem yaradır.
Editor.az xəbər verir ki, “Real Trans Hair” klinikasının cərrahı Vitali Bıkovskinin sözlərinə görə, saç əkimindən sonra pasiyentlər müəyyən müddət ərzində baş dərisini günəş şüalarından qorumalı, ağır fiziki fəaliyyətdən çəkinməli və transplantasiya olunmuş nahiyəyə xüsusi diqqət göstərməlidirlər. Payız aylarında hava şəraitinin daha mülayim olması bu tövsiyələrə əməl etməyi asanlaşdırır.
Bununla belə, mütəxəssis saç transplantasiyasının yalnız payızda deyil, ilin istənilən fəslində həyata keçirilə biləcəyini vurğulayıb. Əsas şərt əməliyyatdan sonrakı qulluq qaydalarına riayət etməkdir.
Saç tökülməsinin ən geniş yayılmış səbəblərindən biri androgenetik alopesiyadır. Seçenov Universitetinin məlumatlarına əsasən, Avropada kişilərin 80-90 faizində bu problemin müxtəlif əlamətləri müşahidə olunur. Araşdırmalara görə, androgenetik alopesiyanın əlamətləri 30 yaşa qədər kişilərin təxminən 30 faizində, 50 yaşa qədər isə təxminən yarısında qeydə alınır.
Mütəxəssis qeyd edib ki, saç transplantasiyası zamanı yalnız artıq tökülmüş saçların bərpası deyil, gələcəkdə saç tökülməsinin mümkün inkişafı da nəzərə alınmalıdır. Transplantasiya itirilmiş saç sıxlığının bərpasına kömək etsə də, başın digər nahiyələrində təbii saçların tökülməsini tam dayandırmır.
Əməliyyatdan sonra əkilmiş saçların müəyyən hissəsinin ilkin mərhələdə tökülməsi isə normal proses sayılır. Bu zaman saç follikulları dəridə qalır və sonrakı mərhələdə yeni saçların inkişafı başlayır.
İlk yeni saçlar adətən transplantasiyadan 3-4 ay sonra görünməyə başlayır. Təxminən 6 ay sonra nəticələr daha nəzərəçarpan olur, yekun saç sıxlığının formalaşması isə 9-12 aya qədər davam edə bilər.
//Gülnarə Abasova, Editor.az

