“Yaxşı ki, tibbə qəbul olmadım” – 617 balla baytarlığı seçən Xaliq – Yenilənib – (Foto/Video)backend

“Yaxşı ki, tibbə qəbul olmadım” – 617 balla baytarlığı seçən Xaliq – Yenilənib – Foto/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

617 bal toplayan məzun baytarlıq ixtisasını seçdi.

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, Lənkəran şəhər 8 saylı tam orta məktəbinin qırmızı attestatla məzunu olan Xaliq Zeynallı qəbul imtahanlarında 617 bal toplayıb. Bununla da o, məktəbin ən yüksək nəticə göstərən məzunlarından biri olub. Lakin, Xaliqin ixtisas seçimi gözlənilməz olub. Yüksək bal toplayan məzun Xəzər Universitetinin  tədrisi ingilis dilində olan Baytarlıq ixtisasını seçib.

Diqqətçəkən məqam isə budur ki, bu il həmin ixtisas üzrə keçid balı 373 bal olub. Xaliqin topladığı 617 bal Baytarlıq ixtisasının keçid balını 244 bal üstələyib.

Xaliq Zeynallı 617 bal topladığı halda baytarlıq ixtisasını seçməsi ailəsi üçün də gözlənilməz olub və ailə daxilində müzakirələrə səbəb olub.

Xaliqin atası Mübariz Zeynalı deyir ki, onlar övladlarının həkim olmasını istəyiblər. Lakin Xaliq valideynlərinin bu istəyilə razılaşmayıb. O, “Balım yüksək olsa belə, mən baytar həkim olacağam”, – deyərək öz seçimini edib.

O, qərarı göstərir ki, uğurun əsas meyarı yalnız yüksək bal toplamaq deyil. Əsas məsələ insanın öz maraq və istəyinə uyğun peşə seçərək gələcəkdə həmin sahədə uğur qazanmaqdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

—————–
Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün baytarlıq ixtisasını (ingilis dilində) seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xaliqin bu seçimi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.

İnsanların bir qismi onun bu balla daha nüfuzlu ixtisaslarda təhsil ala biləcəyini müdafiə etsə də, digərləri gəncin seçimini dəstəkləyib.

Xaliq Zeynallı bildirib ki, heyvanlara xüsusi diqqəti uşaqlıq illərindən yaranıb:

“Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim. İxtisas seçimində ətrafımdakıların təzyiqi çox oldu.

Ailəm və dostlarım bu sahənin perspektivli olmadığını düşünür, “Bu balla o ixtisasa getsən, gələcəkdə işsiz qala bilərsən” deyirdilər. Amma mən öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır”.

O, sosial şəbəkələrdə yazılan fikirlər barədə də danışıb:

“Yazırlar ki, bu balla ATU və ya başqa nüfuzlu universitetlərdə oxuya bilərdi. Bəziləri isə başqa yerlərə qəbul ola bilmədiyi üçün Xəzər Universitetini seçdiyimi iddia edir. Yığdığım balla Azərbaycan Tibb Universiteti (ATU) də daxil olmaqla bütün ali məktəblərə qəbul ola biləcəyim ixtisaslar var idi. Məni tanıyanlar bilir ki, ən başından valideynlərimə və dostlarıma nə qədər bal toplasam da, baytarlığın ardınca gedəcəyimi demişdim.

İxtisas seçimi zamanı ilk yerə ATU-nun Tibb ixtisasını yazmışdım. Bu da onunla bağlı idi ki, 9-cu sinifdə valideynlərimlə 1-ci yeri tibb yazacağıma dair razılaşmışdıq. Düşünürdüm ki, marağım olsa oxuyaram, olmasa da başqa universitetlərin baytarlıq ixtisasına köçürülmə edərəm, yaxud təhsilimi xaricdə davam etdirərəm. Nəticədə 617 balla tibb ixtisasına düşə bilmədim və çox da yaxşı oldu. Çünki tibb sahəsində uğur qazanacağıma inanmırdım. Bilirdim ki, irəlidəki illərdə yenə baytarlığa yönələcəyəm”.

X. Zeynallı gələcək planlarından da söz açıb:

“Planlarım çoxdur, amma ən əsası kənd təsərrüfatı üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Çünki hazırda bu sahədə peşəkar kadrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, həm universitet illərində, həm də sonrakı fəaliyyətimdə ekzotik heyvanları araşdırmaq niyyətindəyəm”.

O, ailəsinin əvvəlcə bu seçimlə razılaşmadığını qeyd edib:

“Ailəm tibb ixtisasına yiyələnməyimi istəyirdi və bu məsələdə mənimlə razılaşmırdılar. Lakin maddi baxımdan həmişə dəstək olublar. Mən yüksək balla baytar olmaq istəyirdim. Onları danışıb razı salsam da, başqa insanlarla söhbətdən sonra yenə öz fikirlərinə qayıdırdılar. Bu müzakirə 3-4 il davam etdi. Sonda isə yüksək balla istədiyim ixtisasa qəbul olaraq arzumu gerçəkləşdirdim”.