Nevroloq və somnoloq Yelena Tsareva bildirib ki, yuxu dərmanları kofe, alkoqol və enerji içkiləri ilə birlikdə qəbul edilməməlidir.
Editor.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, psixotrop təsirli preparatların böyük əksəriyyəti stimullaşdırıcı maddələrlə uyğun gəlmir. Bu cür qarışıqlar orqanizm üçün ciddi risk yarada bilər və yan təsirləri gücləndirə bilər.
Tsareva qeyd edib ki, kofein və digər stimulyatorlar sinir sistemini aktivləşdirir, ürək döyüntüsünü və arterial təzyiqi artırır, bədən temperaturunu yüksəldir. Bu isə yuxu prosesini əngəlləyir.
“Belə vəziyyətdə yuxu dərmanı ya öz təsirini zəif göstərir, ya da ümumiyyətlə təsirsiz qalır,” – deyə həkim bildirib.
O əlavə edib ki, kofein beyində aktivliyi artıran neyromediatorların təsirini gücləndirir və bu da yuxunun yaranmasına mane olur.
Mütəxəssis vurğulayıb ki, yuxu dərmanlarının təsiri və təhlükəsizliyi üçün onların digər stimullaşdırıcı maddələrlə birgə qəbulu qətiyyən tövsiyə olunmur.
//Gülnarə Abasova, Editor.az


