O “yol xəritəsi”ni ermənilər hazırlayıb? – Kılıçdaroğlunun məğlubiyyət anonsu verildibackend

O “yol xəritəsi”ni ermənilər hazırlayıb? – Kılıçdaroğlunun məğlubiyyət anonsu verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentliyinə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun seçki öncəsi “Yeni İpək Yolu” adlı layihəsi ilə bağlı təqdim etdiyi xəritə böyük səs-küyə səbəb oldu. Belə ki, Azərbaycan bu xəritədə yer almayıb, ümumiyyətlə İpək Yolu xəritəsindən çıxarılıb. Ərdoğana qarşı güclü rəqib hesab edilən Kılıçdaroğlunun Azərbaycanla bağlı bu addımının səbəbi nə ola bilər? Ümumilikdə CHP-nin seçkilərdə qalib olacağı təqdirdə Türkiyə-Azərbaycan münasibətlərində nə kimi dəyişikliklər gözləniləndir?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov Türkiyədə həyəcanla gözlənilən seçki prosesindən söz açıb:

“Mayın 14-də Türkiyədə tarixi prezident və parlament seçkiləri keçiriləcək. Əhali arasında seçici sayı 51 milyondur, təxminən 3 milyon vətəndaş da ölkə xaricindən səs verəcək. Türkiyədə müxalifətin ekspertləri isə mayın 28-də seçkilərin ikinci turunun baş tutacağını hesab edirlər. Yəni müxalifət ilk mərhələdə qələbə çalacağına özü belə inanmır. Lakin Rəcəb Tayyib Ərdoğan və onun tərəfdarları ilk səsvermədən qalib olacaqlarına əmindirlər. Bu, təsadüfi deyil, çünki son 20 il ərzində Türkiyə möhtəşəm inkişaf yolu seçib, bu gün dünyanın mühüm güc mərkəzlərindən biridir. Ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı məhz R.T.Ərdoğanın prezidentliyi dövründə gərçəkləşib. Bu gün Türkiyə prezidenti müstəqil siyasət yürüdür və beynəlxalq sülhün təminatına böyük töhfələr verir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi müddətində taxıl dəhlizinin yaradılması buna nümunədir”.

Millət vəkili K.Kılıçdaroğlunun Azərbaycan açıqlamasının erməni maraqlarına xidmət etdiyini və bunun CHP liderinin məğlubiyyətinə səbəb olacağını söyləyib:

“Bu dəfəki seçkilərdə əsas namizədlərdən biri olaraq görülən Kamal Kılıçdaroğlunun ətrafında 6 siyasi partiya birləşib, seçkilərdə qalib olmaq niyyətindədirlər. Xüsusilə Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ağır nəticələrindən onlar siyasi divident kimi istifadə etmək istəyirlər. Bir faktı qeyd edim ki, seçkilərdə namizəd olan şəxslərin Azərbaycanla müsbət münasibətləri ona təxminən 10 faiz daha artıq səs qazandıra bilər. Bunun əksi isə 10 faizə qədər səsin itirilməsi deməkdir. Bu xüsusda namizədlərdən biri olan K.Kılıçdaroğlu elə bir açıqlama verib ki, hesab edirəm bu, seçkilərdə onun məğlubiyyətini şərtləndirən əsas amillərdən biri ola bilər. Belə ki, o, “Yeni İpək Yolu” adı altında bir xəritə hazırlayıb. Bu xəritəyə əsasən Türkiyədən ixrac olunan mallar İranda Təbriz və Tehrandan keçir, növbəti məntəqə Türkmənistan, Aşqabad olur, oradan isə Özbəkistana, Daşkəndə, sonuncu olaraq Çinə yollanır. Yəni strateji yük daşınma prosesi tənzimlənir və Azərbaycan bundan kənarda qalır. Bu, həm də K.Kılıçdaroğlunun Zəngəzur dəhlizinə olan münasibətidir. Həmin yanaşma CHP liderinin Zəngəzur dəhlizini “Böyük İpək Yolu”nun tərkib hissəsi olaraq görmədiyi, ona qarşı çıxış etdiyi mənasına gəlir. Bu isə erməni maraqlarına xidmət etmək deməkdir”.

E.Nəsirov bu kimi amillərin Ərdoğanın qalibiyyət ehtimalını daha da gücləndirdiyini bildirib:

“Elə bütün bu reallıqların fonunda R.T.Ərdoğanın elə birinci turda qalib gəlməsi labüd görünür. Təsadüfi deyildir ki, bu gün Azərbaycan xalqı məhz birmənalı şəkildə onun qalib gəlməsini istəyir. Çünki ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərin qazanılmasında cənab Ərdoğanın, onun rəhbərlik etdiyi dövlətin və Türkiyə xalqının müstəsna xidmətləri oldu. Müharibənin ilk dəqiqələrindən Türkiyə Azərbaycanın yanında yer aldı, böyük mənəvi və siyasi dəstək göstərdi. Hesab edirəm ki, R.T.Ərdoğanın türk dövlətləri arasında birliyin əldə olunmasındakı müstəsna xidmətləri onun növbəti tarixi qələbəsini şərtləndirəcək”.