ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri azaltmaq qərarı regionda yeni siyasi müzakirələrə səbəb olub. Vaşinqtonun bu addımı bir tərəfdən hərbi xərclərin optimallaşdırılması və Şimali Koreya ilə münasibətlərdə gərginliyin azaldılması cəhdi kimi qiymətləndirilir. Digər tərəfdən isə qərarın ABŞ-ın Asiya-Sakit okean regionundakı müttəfiqləri ilə münasibətlərinə və regional təhlükəsizlik balansına mümkün təsirləri diqqət çəkir. Məsələyə münasibət bildirən politoloq Əziz Əlibəyli Editor.az-a açıqlamasında ABŞ-ın regiondakı siyasətinin əsas istiqamətlərinə toxunub.
Politoloq Əziz Əlibəyli mövzu ilə bağlı Editor.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Asiya-Sakit okean regionundakı xarici siyasətində iki əsas məsələ ön plana çıxır:

“Vaşinqtonun xüsusilə Cənubi Koreya və Yaponiya ilə bağlı gözləntilərinin artması regionda yeni siyasi dinamika yaradır. ABŞ-ın bu addımları müttəfiqlərinə qarşı müəyyən təzyiq xarakteri daşıyır. Bu strategiyanın əsas məqsədi Çinin regiondakı artan nüfuzunu neytrallaşdırmaq, həmçinin müttəfiq ölkələrin hərbi ayırmalarını və hərbi yardımlarını əhəmiyyətli dərəcədə artırmasına nail olmaqdır.
Mövcud mənzərə göstərir ki, Vaşinqtonun regional təhlükəsizlik arxitekturasını yeniləmək və hərbi dəstəyi genişləndirmək cəhdləri qarşıdakı dövrdə də əsas müzakirə mövzusu olaraq qalacaq”.
//Gülnarə Abasova, Editor.az

