ABŞ prezidenti Donald Tramp İrana hər hansı formada dəstək göstərən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, maliyyə qurumlarına, şirkətlərə, hava limanlarına və ya dövlət strukturlarına İranı dəstəkləməyə icazə verən ölkələr özləri də böyük iqtisadi təzyiqlərlə qarşılaşacaq.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Tehranla bağlı daha uzunmüddətli təzyiq strategiyasına keçir. Bundan əvvəl Tramp danışıqlar qrupuna İranla təmasları dayandırmaq barədə göstəriş verib.
Ağ Evin yeni yanaşmasına əsasən, ABŞ-ın məqsədi İrana qarşı mümkün qədər qısa müddətdə nəticə əldə etmək əvəzinə, ölkəyə uzunmüddətli iqtisadi təzyiq göstərməkdir. ABŞ rəsmiləri artıq siyasi müttəfiqlərinə strategiyanın dəyişdiyini bildiriblər.
Reuters-in məlumatına görə, Vaşinqtonun Tehran üzərində təzyiqi artırmaq üçün nəzərdən keçirdiyi variantlar arasında Çindəki neft emalı zavodlarına və iri banklara qarşı sanksiyaların tətbiqi, quru blokadası və ikinci dərəcəli gömrük rüsumlarının tətbiqi də var.
Agentlik qeyd edir ki, ABŞ üçün əsas problemlərdən biri İran və Çin arasındakı iqtisadi əlaqələrdir. Çin İran neftinin 90 faizindən çoxunu alır. Buna baxmayaraq, ABŞ indiyədək bu tədarüklərdə iştirak edən iri Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməkdən çəkinib.
Bundan əvvəl İranın Avropadakı ABŞ obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Beləliklə, Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi artırmaq niyyəti fonunda İranın mümkün cavab addımları regionda gərginliyin daha da yüksəlməsi riskini artırır.
//Gülnarə Abasova, Editor.az

