Almaniya və Fransa yeni nəsil döyüş təyyarəsinin yaradılmasını nəzərdə tutan FCAS (Future Combat Air System – Gələcəyin Hava Döyüş Sistemi) üzrə birgə layihəni dayandırmaq barədə razılığa gəliblər.
Editor.az bu barədə Reuters-ə istinadla yazıb.
Almaniya rəsmilərinin bildirdiyinə görə, layihənin həyata keçirilməsi son aylarda proqramda iştirak edən şirkətlər arasında yaranmış sənaye və kommersiya rəqabəti səbəbindən ciddi şəkildə ləngiyib.
Qeyd olunur ki, Almaniya və Fransa arasında bu sahədə əməkdaşlıq 2017-ci ildə başlayıb. Layihənin təşəbbüskarları Fransa Prezidenti Emmanuel Makron və həmin dövrdə Almaniyanın kansleri olan Angela Merkel olub.
Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən proqramda Almaniya və İspaniyanı təmsil edən Airbus, həmçinin Fransanın Dassault Aviation şirkəti iştirak edib. Emmanuel Makron layihənin qorunub saxlanılması üçün son aylarda fəal şəkildə çalışsa da, ötən həftə keçirilən Avropa sammiti zamanı Almaniya Kansleri Fridrix Merts ortaq döyüş təyyarəsinin hazırlanmasının dayandırılmasını tövsiyə edib.
Avropalı mənbələrdən birinin sözlərinə görə, tərəflər hazırda yaranmış vəziyyətdə nüfuzlarını qorumağa çalışırlar.
Bununla belə, FCAS proqramının əvvəlki konsepsiyası çərçivəsində təyyarələr, radarlar, sensorlar və pilotsuz uçuş aparatlarını vahid şəbəkədə birləşdirəcək “döyüş buludu” (combat cloud) kimi dəstək sistemlərinin hazırlanmasının davam etdirilməsi nəzərdən keçirilir.
Xatırladaq ki, ötən yay İspaniya hökuməti ABŞ ilə F-35 qırıcılarının alınmasına dair aparılan danışıqların rəsmi olaraq başa çatdığını açıqlamışdı. Madrid köhnələn hərbi aviasiya parkını yeniləmək üçün Amerika istehsalı olan təyyarələr əvəzinə Avropada hazırlanmış Eurofighter Typhoon qırıcılarına və FCAS proqramı çərçivəsində yaradılan texnologiyalara üstünlük verdiyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az


