Sədrəddin Soltan: “Təxribatlar mümkündür, amma Azərbaycanın mövqeyi dəyişməyəcək”backend

Sədrəddin Soltan: “Təxribatlar mümkündür, amma Azərbaycanın mövqeyi dəyişməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün İsraillə İran arasında raket atəşi mübadiləsi, yəni qarşılıqlı raket hücumunun Cənubi Qafqaza və burada gedən proseslərə elə ciddi təsiri yoxdur. Birincisi, bu qarşıdurmanın əsas kökü Livanda Hizbullahın İsrail ərazisini raket atəşinə tutması hesab olunur. Çünki İsraillə Livan hökuməti arasında atəşkəsə dair ötən həftə Amerika Birləşmiş Ştatlarında razılaşma əldə olunub və bu razılaşmanın dünən, yəni iyulun 6-7-də Hizbullah tərəfindən pozulduğu bildirilir. Hizbullahın arxasında isə İran dayandığından, bu atəşkəsin, yəni Livanla İsrail arasında atəşkəsin İran tərəfindən pozulduğu da istisna edilmir. Ona görə də Hizbullahın bu addımına cavab olaraq İsrail İran ərazisini raket atəşinə tutub”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu eskalasiya və gərginlik gözlənilməz və ya qəfil sayılmır:

“Çünki İsraillə İran arasında atəşkəsə və ya hər hansı sülhyönümlü məsələyə dair heç bir sənəd, sözləşmə və ya razılaşma mövcud deyil. Tərəflər arasında gərginlik 1979-cu il inqilabından sonra necə idisə, bu günə qədər də davam edir və İranın İsrailə qarşı səsləndirdiyi ‘Ölüm’ şüarı da ölkənin siyasi-ideoloji gündəliyindən çıxmayıb.

Bu eskalasiyanın Cənubi Qafqazdakı hadisələrə və təhlükəsizlik sisteminin yenidən formalaşmasına hər hansı təsiri qeyri-mümkündür. Çünki Cənubi Qafqazda baş verən hadisələrin Yaxın Şərqlə heç bir əlaqəsi yoxdur. Yalnız İran davamlı surətdə Cənubi Qafqaz hadisələrini Yaxın Şərqə, özünün təsir və nüfuz dairəsinə cəlb etməyə çalışır. Məsələn, İran İnqilab Keşikçiləri Qvardiyasının, eləcə də İranın ali rəhbərinin xarici və beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin bu istiqamətdə davamlı çıxışları mövcuddur. Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə də İran özünü göstərməyə çalışır və bildirir ki, Cənubi Qafqazda onun razılığı olmadan bu tip layihələrin reallaşması mümkün deyil.

Bunun da öz səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, bu layihə reallaşacağı təqdirdə İran hakimiyyəti hesab edir ki, Ermənistan ondan uzaqlaşacaq və bütövlükdə Cənubi Qafqaza təsir imkanları zəifləyəcək. Əsas səbəblərdən biri budur.

İranın Cənubi Qafqazda hər hansı siyasi arxitekturanın və ya təhlükəsizlik sisteminin formalaşmasında heç bir rolu yoxdur və olmayacaq da. Çünki Cənubi Qafqaz ölkələrinin dövlət maraqları və əməkdaşlıq etdiyi tərəfdaşlar nə İranın tapşırıqları, nə istəkləri, nə də maraqları əsasında müəyyənləşdirilir. Ona görə də Cənubi Qafqazın təhlükəsizliyi region ölkələri və onların ərazi bütövlüyünə, suverenliyinə hörmət edən dövlətlərlə əməkdaşlıq, strateji tərəfdaşlıq və imzalanmış müqavilələr əsasında tənzimlənir”.

O bildirib ki, İran-İsrail arasında yaranmış gərginlik fonunda Azərbaycana qarşı aparılan təbliğat hücumlarının qarşısının alınması üçün müəyyən addımlar atılır:

“Məsələn, son zamanlar ABŞ-nin CNN telekanalında Azərbaycan əleyhinə yayımlanmış xəbərə cavab verildi. Azərbaycan hesab edir ki, əgər İranda təhlükəsizliklə bağlı hər hansı problem yaranarsa və ya humanitar çətinliklər meydana çıxarsa, bu tip məsələlərdə yardımçı ola bilər. Danışıqların aparılmasında, sülhün əldə olunmasında və humanitar problemlərin aradan qaldırılmasında rəsmi Bakı fəallıq göstərə bilər.

Bu proseslərin Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur və regionun bu proseslərdə hər hansı marağı mövcud deyil. Maraq yalnız Yaxın Şərqdə sülhün bərqərar olması, münaqişə tərəfləri arasında davamlı dialoq, əməkdaşlıq və sabitliyin təmin edilməsidir. Çünki Azərbaycanın təhlükəsizliyinə qarşı təxribat xarakterli addımlar atıla bilər. Necə ki, ötən il Naxçıvan ərazisində dron hücumları olmuşdu və Azərbaycan əleyhinə müxtəlif istiqamətlərdə təbliğat aparılmışdı. Həmin addımlara da vaxtında cavab verildi.

Hesab edirəm ki, Azərbaycan bu məsələdə ənənəvi mövqeyini davam etdirəcək: birincisi, qonşularla sülh və əməkdaşlıq şəraitində yaşamaq; ikincisi, başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək; üçüncüsü, regionda, o cümlədən Yaxın Şərqdəki münaqişələrin sülh yolu ilə həllinə imkanları daxilində dəstək vermək; dördüncüsü isə Yaxın Şərq və qonşu ölkələrlə əməkdaşlığı, eləcə də sülhsevər siyasəti davam etdirmək”.

//Gülnarə Abasova, Editor.az