Süni qiymət artımı ilə necə mübarizə aparaq?- Millət vəkili antiinflyasiya tədbirlərinin gücləndirilməsindən DANIŞDIbackend

Süni qiymət artımı ilə necə mübarizə aparaq?- Millət vəkili antiinflyasiya tədbirlərinin gücləndirilməsindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə süni qiymət artımından danışıb və bildirib ki, son üç ayda inflyasiya 18 faizə qalxıb. Prezident vurğulayıb ki, dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir.

Dövlət başçısı antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsinin zəruriliyini də diqqətə çəkib: “Burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar”.

Dövlət başçısının toxunduğu məqamları Editor.az -a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2022-ci ilin birinci rübü üçün ən prioritet məsələlərdən biri süni qiymət artımına qarşı mübarizə və antiinflyasiya tədbirlərinin gücləndirilməsi oldu:

“Dünya və region bazarı qiymət artımları ilə müşahidə olunur. Bu da idxal inflyasiyasının aktivləşməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdə də inflyasiya səviyyəsi birinci rüb üçün ikirəqəmlidir. Xüsusən də istehlak bazarında aparılan monitorinqlər göstərir ki, süni şəkildə qiymət artımı tendesiyası çox təəssüf ki, bu ilin birinci rübündə də özünü göstərdi. Bu konteksdə süni qiymət artımı ilə mübarizə daha çox əhəmiyyət kəsb edir”.

Millət vəkilinin sözlərinə görə, sahibkarlığa dəstəklə bağlı yeni mexanizmlər tətbiq edilməyə başlanılıb:

“Belə ki, ölkəmizdə antiinflyasiya tədbirləri çərçivəsində sahibkarlara yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir. Belə ki, milli istehlak səbətinə daxil olan istehsal və emalın güzəştli kreditlər vasitəsilə maliyyələşdirilməsi, eyni zamanda, həmin məhsulların emalı ilə bağlı verilən kredit faizlərinin subsidiyalaşdırılması, yəni faizin bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qərarlar qəbul edilib. Bütün bunlar da təbii ki, maliyyə xərclərinin azadılması baxımından vacib məsələlərdir. Məqsəd istehlak bazarında stabilliyin qorunub saxlanılması, qlobal bazarda baş verən qiymət artımının təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Sahibkarlar tərəfindən korporativ sosial məsuliyyətin dərk edilməsi çox vacibdir. Eyni zamanda, süni qiymət artımı ilə bağlı monitorinqlərin də gücləndirilməsinə ciddi ehtiyac var”.

//Gülnarə Abasova, Editor.az