Türkiyə ilə Suriya arasında sensasion gəlişmə – kürd məsələsi Ərdoğanla Əsədi barışdırırbackend

Türkiyə ilə Suriya arasında sensasion gəlişmə – kürd məsələsi Ərdoğanla Əsədi barışdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Suriya hakimiyyəti ilə münasibətləri bərpa etməyə hazırlaşır. Bu barədə informasiyanı “Hürriyyət” qəzeti hökumət mənbələrinə istinadən yayıb. İddia olunur ki, hazırkı qlobal siyasi vəziyyətdə – Rusiyanın diqqətinin Ukraynaya cəlb olunduğu bir zamanda Ankaranın Dəməşqlə əlaqələri qaydaya salması üçün yaxşı fürsət var.

Ankara dəhlizlərində Suriya ilə barışın hansı əsaslar üzərində qurulması və strateji nöqtələr müzakirə olunur. İlk növbədə hesab olunur ki, Suriya ilə barışıq PKK probleminin həllində faydalı ola bilər.

Türkiyə üçün Suriyada ikinci mühüm məsələ Suriyanın unitar dövlət statusunun qorunub saxlanması, ərazi bütövlüyü və geri qayıdan qaçqınların təhlükəsizliyidir.

Məlum olduğu kimi, hazırda Türkiyə üçün ciddi problemlərdən biri PKK və kürd separatizmi mövzusudur. PKK və kürd separatizmi Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edir. Xüsusən də Suriyada fəaliyyət göstərən PKK-nın qanadı olan PYD-nin varlığı hazırda Türkiyə üçün ciddi təhlükədir. Çünki PYD 2016-cı ildən etibarən Suriyanın şimalında faktiki olaraq muxtariyyət yaradıb və bu qeyri-rəsmi qurum olan “Suriya Demokratik Qüvvələri” adı ilə koalisiya yaradıb. Hazırda Qərb ölkələri tərəfindən bu təşkilata ciddi dəstək verilir.

Əgər Cenevrədə davam edən Suriyanın siyasi gələcəyi ilə bağlı danışıqlarda və yeni konstitusiyada kürdlərə muxtariyyət verilsə, bu, Ankara üçün ciddi başağrısı olacaq. Çünki İraqdan fərqli olaraq Suriya kürd təşkilatları, əsasən də PYD solçudur, PKK liderinin təşəbbüsü ilə yaradılıb. 

Bu mənada indi Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun davam etməsi Türkiyə üçün çox vacibdir. Başqa sözlə, kürd məsələsi indi Ankara və Dəməşqi bir-birinə yaxınlaşdırır. Yeri gəlmişkən, martın sonlarında Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Fevralın ortalarında isə uzun illər davam edən soyuq münasibətlərdən sonra Türkiyə prezidenti BƏƏ-yə səfər edib.

Bəşər Əsəd ərəb ölkələri ilə sürətlə münasibətləri qaydaya salmağa başlayıb. Artıq İordaniya. Misir, Əlcəzair kimi ölkələrlə əlaqələr istiləşib. Bir neçə ərəb ölkəsi Dəməşqdəki səfirliklərini bərpa edib və ya etməyə hazırlaşır. Aydın məsələdir ki, həm kürd məsələsi, həm də şimaldakı ərazilərə nəzarəti bərpa etmək baxımından Bəşər Əsəd üçün Türkiyə ilə barışıq vacibdir. Eyni zamanda kürdlərin siyasi statusu mövzusu Əsəd hökuməti üçün keçilməz xəttə çevrilib. Dəməşq kürd məsələsində hələ də dirənir. Bu məsələdə ona ən çox dəstək ola biləcək ölkələrdən biri də Türkiyədir.

Son 2 ildə regional siyasətini yenidən qurmağa çalışan Ankara “ərəb baharı” dövründə münasibətlərin həddən artıq korlandığı ölkələrlə yavaş-yavaş barışır. İlkin olaraq 8 ildən çoxdur soyuq münasibətlərin davam etdiyi BƏƏ ilə münasibətlər qaydaya salındı, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirildi. Daha sonra isə 12 ildir soyuq münasibətlərin olduğu İsraillə barışıq oldu. Hazırda Ankara 2013-cü ildən əlaqələrin pozulduğu Misirlə münasibətlərin qaydaya salınması prosesini aparır. Keçən il Qahirənin də barışığa meyilli olduğu göründü. Bugünlərdə isə Türkiyə mediası Ankaranın Qahirəyə yenidən səfir təyin etməyə hazırlaşdığı ilə bağlı xəbərlər yayıb. 2013-cü ildə Misirdə hərbi çevriliş nəticəsində “Müsəlman Qardaşlar” Hərəkatının nümayəndəsi olan prezident Məhəmməd Mursinin devrilib həbs olunması və ardınca Qahirədə baş verən etirazların amansızlıqla yatırılması Türkiyə və Misir münasibətlərinə ağrı zərbə vurmuş, nəticədə hər iki ölkə səfirlərini geri çağırmışdı. İndi isə regionda siyasi situasiya dəyişib və Ankara-Qahirə xəttində barışıq küləkləri əsməyə başlayıb.

Hazırda Türkiyənin qonşuları ilə ən ciddi problemi olan ölkə Suriyadır. Hətta 30 ilə yaxındır diplomatik əlaqələrin olmadığı Ermənistanla müəyyən təmaslar var və 44 günlük müharibədən sonra əlaqələrin düzəlməsi istiqamətində addımlar atılıb.

Suriya isə sırada sonuncu halqadır. Lakin Türkiyənin qəflətən 180 dərəcə mövqe dəyişməsi mümkün deyil. Güman ki, Ankara əsas prinsiplərin qəbul olunması şərti ilə Dəməşqlə dialoqu başlatmağı düşünür. Söhbət qaçqınların və müxalifətin təhlükəsizliyi, eləcə də kürd məsələsindən gedir. Kürd məsələsi və Suriyanın ərazi bütövlüyü mövzusunda Ankara və Dəməşq arasında fikir ayrılığının olması real deyil. Nəticə etibarilə hər iki paytaxtın bu mövzuda mövqeləri üst-üstə düşür.

Bəşər Əsəd hökuməti üçün Türkiyə ilə anlaşmaq, bununla da ölkə sərhədləri üzərində tam suverenliyi bərpa etmək vacibdir.

Ancaq Suriyanın şimalında müxaliflərin taleyi, o cümlədən qaçqınların geri dönüşü müzakirələri zaman ala bilər. Çünki Türkiyənin bu mövzuda Dəməşqdən hansı tələblərinin olduğu hələlik məlum deyil. Lakin istənilən halda Ankaranın indiki şəraitdə Suriya ilə barışması üçün əlverişli vəziyyət var. Çünki hazırda həm Rusiya, həm də Qərbin başı Ukraynada qarışıb, Suriyadakı proseslərə ciddi zaman ayırmaq imkanları yoxdur. Üstəlik, yeni siyasi şərtlər Suriya və Türkiyəni barışığa doğru çəkir. Bu mənada yaxın zamanlarda aşkar və ya gizli təmasların başlaması o qədər də təəccüblü olmamalıdır. Suriyada münaqişənin davam etdiyi 11 il göstərdi ki, problemin silah və zorakılıq yolu ilə həlli mümkün deyil.