“Ukrayna müharibənin bitməsinə razılıq verməsə…”- Şahin Cəfərlibackend

“Ukrayna müharibənin bitməsinə razılıq verməsə…”- Şahin Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ukraynada Zaporojye atom elektrik stansiyası ətrafında bir problem yaranıb. Bu da ondan ibarətdir ki, AES ətrafında partlayışlar baş verir. Ukrayna tərəfinin verdiyi məlumata görə bunu Rusiya özü təşkil edir. Çünki Ukrayna ordusunun Zaporojye AES-ə zərbə endirməsi ehtimalı yoxdur. Ukrayna belə bir addıma getməz, Rusiyanın etməsi ehtimalı daha inandırıcıdır”.

Bunu mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, Rusiya hal-hazırda çalışır ki, Ukrayna savaşında atəşkəs əldə olunsun: “Çünki Rusiyanın müharibəni davam etdirmək üçün resursları tükənmək üzrədir. Əvvəlki templə hücum əməliyyatları keçirə bilmirlər, ciddi itkilərə məruz qalıblar. Bu baxımdan Rusiya atəşkəsin əldə olunmasında maraqlıdır. Beləliklə Rusiya istəyir ki, həmin müddətdə  öz itkilərini bərpa etsin və müharibəyə hazır olduğu halda yenidən hücum əməliyyatlarına başlasın.
Rusiya dünyaya AES-in partlaması ehtimalının olduğu təhlükəsini ötürür. Ona görə də atəşkəs zəruridir. Həmçinin Türkiyəyə də belə müraciətlər edirlər ki, Ukraynada müharibəni dayandırmağa Türkiyə kömək etsin. Türkiyə də bu istiqamətdə müəyyən bir missiya həyata keçirir. Taxıl anlaşması da məhz Türkiyənin iştirakı ilə əldə olundu. Rusiya taxıl anlaşması ilə bağlı formalaşan mexanizmi siyasi anlaşmaya da çevirmək istəyir”.

Şahin Cəfərli qeyd edir ki, Ukraynanın mövqeyi isə hazırkı məqamda müharibəni dayandırmayıb torpaqlarını qaytarmaq istiqamətində siyasətini davam etdirməkdir:

“Türkiyə-Rusiya münasibətlərinə gəldikdə isə bu münasibətlərin inkişaf tendensiyası hiss olunur. Sonuncu Soçi görüşündə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi qərara alınıb. Türkiyə Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmayıb. Buna görə də Türkiyə Rusiya üçün əhəmiyyətli ölkə roluna gəlib. Eləcə də Türkiyə tərəfi Rusiyanın düşdüyü vəziyyətdən öz maraqları naminə faydalanmağa çalışır. Qərb şirkətlərinin də Rusiya bazarını tərk etdiyi bir məqamda həmin boşluğu öz iqtisadi maraqları baxımından doldurmağa çalışır. Əslində Türkiyə hökuməti də Ukraynada müharibənin dayandırılmasında maraqlıdır. Bu barədə öz mövqeyini də dəfələrlə ifadə edib. Müharibənin davam etməsi Türkiyə maraqlarına ziddir. Çünki müharibə davam etdikcə Türkiyənin balans siyasətini davam etdirməsi çətinləşir. Türkiyə həm Ukrayna ilə çox yaxşı münasibətdədir, həm də Rusiya ilə əlaqələri inkişaf etdirir. Amma müharibənin davam etməsi və daha da qızışması Türkiyəni konkret tərəf seçməyə məcbur edə bilər. Türkiyə də bunu istəmir”.

Son olaraq politoloq bildirir ki, digər tərəfdən isə müharibənin davam etməsi dünyada enerji qiymətlərinin də artmasına təsir göstərir:  “Türkiyənin isə əsas idxal məhsulu enerjidir. Neftin və qazın qiymətləri artdıqca Türkiyənin idxala sərf etdiyi vəsaitlərin həcmi də artır. Bu isə ölkə daxilində inflyasiyanın artmasına səbəb olur. Türkiyə iqtisadiyyatında böhranı daha da dərinləşdirir. Dünya enerji bazarında müəyyən stabillik yaranması və Türkiyə iqtisadiyyatının bu müharibədən mənfi təsirə məruz qalmasının qarşısını almaq üçün Türkiyə müharibənin bitməsində maraqlıdır. Müharibənin dayandırılmasında əsas hədəf Ukraynadır. Ukrayna razılıq verməsə, təbii ki, müharibənin dayanmasından söhbət gedə bilməz. Ukrayna isə hazırkı şəraitdə atəşkəsdə maraqlı deyil və bu tərz tələbləri qəbul etməyəcəyini dəfələrlə bildirib”.

//Safura Bənnayeva, Editor.az