Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Tama zooparkında anomal isti hava şirlərin ölümünə səbəb olub. Zoopark rəhbərliyinin məlumatına görə, 16 şirdən üçü ölüb.
Editor.az xəbər verir ki, iyulun 18-də iki şirdə halsızlıq, iştahsızlıq və aktivliyin azalması müşahidə edilib. Sonrakı bir neçə gün ərzində səhhətində problem yaranan heyvanların sayı 10-a çatıb.
İyulun 23-də şirlərin saxlanıldığı volyer ziyarətçilərin üzünə bağlanıb. Bundan sonra heyvanların bir hissəsinin vəziyyəti yaxşılaşmağa başlayıb. Lakin iyulun 28-də üç yaşlı Mugi adlı dişi şir, üç gün sonra isə 11 yaşlı İçiqo tələf olub. Avqustun 2-də isə 15 yaşlı Luena ölüb.
Hazırda daha üç şirin vəziyyətinin ağır olduğu və onların hərəkət edə bilmədiyi bildirilir. Heyvanların vəziyyətini yüngülləşdirmək üçün volyerdə kondisioner və ventilyatorlardan istifadə olunur.
Zooparkda hazırda 13 şir qalıb — beş erkək və səkkiz dişi.
Şirlərin ölümünün dəqiq səbəbi yarılmadan sonra müəyyən ediləcək. İlkin müayinələr zamanı heyvanlarda ümumi susuzlaşma və çoxorqanlı çatışmazlıq aşkarlanıb. Bu nəticələr anomal istinin və həddindən artıq qızmanın şirlərin ölümünə səbəb olan amillərdən biri ola biləcəyini göstərir.
Qeyd edək ki, isti hava Tokioda insanlar arasında da ciddi fəsadlara səbəb olub. Daha əvvəl şəhərdə 2 yaşdan 99 yaşadək 119 nəfər istivurma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şikoku prefekturasında isə yüksək temperatur səbəbindən iki nəfərin vəziyyətinin ağırlaşdığı və onların öldüyü bildirilib.
//Gülnarə Abasova, Editor.az

