Ehtiram Quliyev şəkil çəkdirmək üçün Aziz Yıldırımı narahat edib? – Fotolarbackend

Ehtiram Quliyev şəkil çəkdirmək üçün Aziz Yıldırımı narahat edib? – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Turan Tovuz”un rəsmi feysbuk hesabında yayılan xəbərdə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin “Fənərbaxça” prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirdiyi qeyd olunub.

“İşgüzar görüş” kimi təqdim edilən xəbərlə bağlı paylaşılan fotolar isə müəyyən müzakirələr yaradır.

Xitab24.az xəbər verir ki, fotoların birində Ehtiram Quliyevin birinci müavini Həsən Zeynalov, digərində isə gənc oğlan ayrı-ayrılıqda Aziz Yıldırımla lentə alınıb.

Yəni, növbə ilə Aziz Yıldırımla şəkil çəkdiriblər. Maraqlıdır ki, klub rəsmilərinin ailə üzvü olduğu ehtimal edilən gənc şəkil çəkdirərkən Həsən Zeynalov ayağa qalxıb, yerini məhz ona verib. Bu, çəkilən fotodan da, həmin masanın üzərindəki yeməyin boşqabda eyni formada qalmasından da öz təsdiqini tapır.

Belə addımlar isə işgüzar görüş zamanı qeyri-ciddi təsir bağışlayır. Digər tərəfdən isə “Fənərbaxça” kimi adlı-sanlı klubun prezidentinin, xüsusən də ağır xasiyyəti ilə tanınan Aziz Yıldırımın heç bir səlahiyyəti olmayan, sadəcə, ailə üzvü olan bir gəncin yanında işgüzar söhbət aparacağı inandırıcı deyil.

Ümumi fotoları analiz edəndə isə bunun işgüzar görüş yox, şəkil çəkdirmək xatirinə Aziz Yıldırımın narahat edilməsi ehtimalını daha ön plana çıxır. Bu, sanki “Fənərbaxça” başqanının üz mimikalarında da öz əksini tapır.

Aydın məsələdir ki, Aziz Yıldırım klub prezidenti ilə yanaşı, kifayət qədər geniş imkanlara sahib olan tanınmış iş adamıdır. Onun Bakıya gəlişi də iş münasibətlərindən irəli gəlir. Yəni, Aziz Yıldırımın Bakıya şəxsən Ehtiram Quliyevlə görüşmək üçün gəldiyi inandırıcı deyil. Görünən odur ki, eyni zamanda tikinti sektorunda da fəaliyyət göstərən Ehtiram Quliyev bu səfərdən öncədən xəbərdar olub, onunla şəkil çəkdirmək fürsətini əldən verməyib.

Hər halda klubun rəsmi sosial şəbəkə hesabında təkcə iki klub rəhbərinin fotoları paylaşılsaydı, reklam üçün ailə üzvü olan bir gəncin şəkli həmin paylaşımda yer almasaydı, tərəflər bir-birinə komandaların öncədən xüsusi hazırlanmış formalarını, atributlarını hədiyyə etsəydi, bunu işgüzar görüş kimi qəbul etmək olardı.