Yaşlı insanların gündəlik fəaliyyət qabiliyyətini daha uzun müddət qorumasına multivitaminlərin müntəzəm qəbulu kömək edə bilər.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Qidalanma Cəmiyyətinin 2026-cı il konfransında Corciya Tibb Kollecinin və Auqasta Universitetinin Profilaktika İnstitutunun elmi əməkdaşı Bayu Bekele məlumat verib.
Tədqiqatçılar 60 yaşdan yuxarı 16 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı COSMOS araşdırmasının məlumatlarını təhlil ediblər. İştirakçılar təsadüfi qaydada müxtəlif qruplara bölünüb: bir qrup multivitamin, digər qrup kakao ekstraktı qəbul edib, üçüncü qrup hər iki əlavədən istifadə edib, dördüncü qrupa isə plasebo verilib.
Araşdırmanın nəticələrinə görə, üç il ərzində multivitamin qəbul edən iştirakçılarda funksional sağlamlıq göstəriciləri plasebo qəbul edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək olub. Ən nəzərəçarpan fərqlər simptomların şiddəti və simptomlarla fiziki imkanları birlikdə qiymətləndirən ümumi klinik göstəricidə qeydə alınıb.
Alimlərin sözlərinə görə, araşdırmanın əsas xüsusiyyəti yalnız ciddi xəstəliklərin qarşısının alınmasına deyil, insanların gündəlik həyatda özlərini necə hiss etməsinə və fiziki fəaliyyətlərini nə dərəcədə müstəqil yerinə yetirə bilməsinə fokuslanmasıdır.
Tədqiqatçı Bayu Bekele bildirib ki, ürək-damar sağlamlığını və ümumi fiziki funksiyaları dəstəkləyən multivitaminlər yaşlı insanların geyinmək, çimmək, yerimək, pilləkənlə qalxmaq və ev işlərini yerinə yetirmək kimi gündəlik fəaliyyətləri daha uzun müddət müstəqil şəkildə davam etdirməsinə kömək edə bilər. Bu, xüsusilə yorğunluq, nəfəs darlığı və ya gündəlik aktivliyi məhdudlaşdıran digər simptomlardan əziyyət çəkən insanlar üçün əhəmiyyətli ola bilər.
Bununla yanaşı, kakao ekstraktı ümumi iştirakçı qrupunda funksional sağlamlıq baxımından əhəmiyyətli irəliləyiş göstərməyib. Lakin ürək çatışmazlığının durğunluqla müşayiət olunan formasından əziyyət çəkən iştirakçılarda onun müəyyən faydaları müşahidə edilib.
Mütəxəssislər vurğulayırlar ki, qida əlavələri balanslaşdırılmış qidalanmanı və müntəzəm fiziki aktivliyi əvəz etmir. Hər hansı vitamin və ya qida əlavəsini qəbul etməyə başlamazdan əvvəl isə həkimlə məsləhətləşmək tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az

