2 ölkədən BMT-yə ŞOKbackend

2 ölkədən BMT-yə ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT çökmək üzrədir. Belə ki, ABŞ və Çinin Birləşmiş Millətlər Təşkilatına ödənişlərinin bir hissəsini dondurması və ya gecikdirməsi nəticəsində təşkilatın büdcə kəsiri kəskin şəkildə artıb. İki böyük dövlətin bu qərarı Birləşmiş Millətlər Təşkilatının ciddi maliyyə problemləri ilə üzləşməsinə səbəb olub”.

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, supergüclərin təşkilatı maliyyəsiz buraxması onun gələcəyini sual altına qoyub:

“ABŞ-nin BMT qarşısında borcu 4 milyard dolları ötüb. Pekin isə BMT-yə 455 milyon dollar borcludur. Bu iki ölkə BMT büdcəsinin 42%-ni təşkil edir və onların ödənişləri olmasa, vəsait avqustun ortalarına qədər tükənəcək. Vaşinqton təşkilatın xərclərini və fəaliyyətinin səmərəliliyini tənqid edərək BMT-nin bir sıra proqramlarından, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı daxil olmaqla bəzi beynəlxalq strukturlardan çıxıb. ABŞ prezidenti Donald Tramp BMT-ni lazımsız təşkilat hesab edir. ABŞ keçmiş illərdə hansısa dövlətə qarşı hərbi əməliyyat barədə qərar verəndə BMT-nin rəyi ilə hesablaşmırdı. Bunun sadə səbəbi var. BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Rusiya və Çin ABŞ-nin istənilən təşəbbüsünə qarşı veto hüququndan istifadə edir. Buna görə də Vaşinqton BMT ilə hesablaşmır. Pekin beynəlxalq problemlərin BMT müstəvisində müzakirəsinin və həllinin tərəfdarı kimi çıxış etsə də, “The Wall Street Journal”ın məlumatına əsasən, Çin də beynəlxalq təşkilata ödənişlərin həyata keçirilməsində gecikmələrə yol verir. Halbuki, Pekin Vaşinqtondan fərqli olaraq özünü BMT-nin əsas müdafiəçilərindən biri kimi təqdim edir”.

Elxan Şahinoğlunun sözlərinə görə, BMT rəhbərliyi vəziyyətdən çıxış yolu tapmaq üçün Vaşinqton və Pekinlə danışıqları intensivləşdirib:

“Həll yolu tapılmasa, BMT-də büdcə kəsiri dərinləşəcək. BMT bu halda həm işçilərini, həm də proqramlarını ixtisar etmək məcburiyyətində qalacaq. Maaşlar BMT xərclərinin təxminən 70 faizini təşkil edir. ABŞ və Çin BMT-yə lazım olan maliyyəni ayırmasa, o biri dövlətlərin ianələrinin böyük əhəmiyyəti olmayacaq. Digər tərəfdən, başqa ölkələr də ABŞ və Çin kimi BMT-yə ianə ödəməkdən imtina edə bilərlər. Pekinin BMT-dən narazılığı Qərb ölkələrinin Çindəki insan hüquqları mövzusunu gündəmdə saxlamağa çalışmasıyla da bağlıdır. Məsələn, Donald Trampın Pekinə səfərinə baxmayaraq, dövlət katibi Marko Rubio Çini tənqid edərək bu ölkənin 1989-cu ildə Pekinin Tiananmen Meydanında demokratiya tərəfdarı etirazçılara qarşı hərbi əməliyyatların senzura edilməsi və xatirələrini silməyə çalışdığını iddia edib. Rubio beynəlxalq aləmin 4 iyun tarixini Çin Kommunist Partiyası rəhbərliyinin verdiyi əmr əsasında ordunun Tiananmen Meydanı və ətrafında minlərlə dinc nümayişçiyə hücum əmrini verməsinin 37 illiyini qeyd etdiyini vurğulayıb. O əlavə edib ki, həyatını itirən çinli tələbələr, işçilər və digər mülki şəxslər fundamental hüquqlarından istifadə etmək, demokratik islahatlar və korrupsiyaya görə məsuliyyət tələb etmək üçün toplaşmışdılar. Trampın özü insan haqları mövzusuna maraq göstərməsə də, onun administrasiyasının üzvləri rəqibləri ilə mübarizədə insan haqları mövzusunu diqqətdə saxlayır və bunun müzakirəsini BMT kimi beynəlxalq təşkilatlarda təşkil etməyə çalışırlar”.