Payız aylarında müxtəlif infeksiyaların yayılması ilə yanaşı, gözün selikli qişasının iltihablanması ilə müşayiət olunan xəstəliklərin riski də artır. Bu dövrdə gözləri güclü küləkdən qorumaq, qapalı məkanlarda rütubət səviyyəsini normal saxlamaq və bir sıra sadə gigiyena qaydalarına əməl etmək tövsiyə olunur.
Editor.az xəbər verir ki, bu barədə oftalmoloq Oksana Kuznetsova bildirib.
Mütəxəssisin sözlərinə görə, konyunktivitin əsas əlamətləri gözlərin qızarması, yaşarması, yanma, ifrazat və işığa qarşı həssaslığın artmasıdır. Bununla belə, həkim qeyd edib ki, bu simptomların meydana çıxması heç də həmişə konyunktivitlə əlaqəli olmur. Oxşar əlamətlər allergik reaksiya və digər səbəblərdən də yarana bilər.
Kuznetsova gözlərdə iltihab əlamətləri müşahidə edildikdə onları ovuşdurmamağı və xəstəliyin səbəbini müstəqil şəkildə müəyyənləşdirməyə çalışmamağı tövsiyə edib. Xüsusilə gözlərdən irinli ifrazat gəlməsi, ağrı, güclü işıq həssaslığı və görmənin pisləşməsi kimi hallar müşahidə olunarsa, oftalmoloqa müraciət etmək lazımdır.
Həkim mütəxəssisə müraciət edənədək əllərin gigiyenasına diqqət yetirməyi, fərdi dəsmaldan istifadə etməyi və kontakt linzaların taxılmasına fasilə verməyi tövsiyə edib.
Oftalmoloqun sözlərinə görə, gözləri güclü küləkdən qorumaq, ventilyasiya sistemləri, kondisioner və qızdırıcı cihazlardan birbaşa gələn hava axınının altında qalmamaq da vacibdir. Bundan əlavə, qapalı məkanlarda komfortlu rütubət səviyyəsinin qorunması və kompüter, eləcə də digər elektron cihazlarla işləyərkən mütəmadi fasilələrin verilməsi gözlərin sağlamlığı üçün faydalıdır.
Mütəxəssislər elektron ekranlardan istifadə zamanı onların düzgün tənzimlənməsinin də vacibliyini vurğulayırlar. Xüsusilə otağın işıqlandırmasının ekranla müqayisədə çox zəif olması gözlərə düşən yükü artıra bilər. Bu səbəbdən ekranın parlaqlığı ilə ətraf mühitin işıq səviyyəsi arasında kəskin fərqin yaranmasına yol verməmək tövsiyə olunur.
//Gülnarə Abasova, Editor.az

