Azərbaycan gəncləri niyə xaricdə gələcək qurmaq istəyir? – Sosioloqdan AÇIQLAMAbackend

Azərbaycan gəncləri niyə xaricdə gələcək qurmaq istəyir? – Sosioloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gənclərin xaricdə təhsil almaq və işləmək istəyi son illərdə daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Daha yüksək əməkhaqqı, karyera imkanları, keyfiyyətli təhsil və sosial təminat axtarışı bir sıra gəncləri xaricdə gələcək qurmağa sövq edir. Ekspertlər isə bu prosesin yalnız fərdi seçim kimi qiymətləndirilməsinin doğru olmadığını, ölkənin əmək bazarı və gələcək kadr potensialı baxımından da ciddi nəticələr doğura biləcəyini bildirirlər. Digər tərəfdən, gənclər üçün ölkə daxilində daha əlverişli təhsil, məşğulluq və mənzillənmə imkanlarının yaradılması xaricə miqrasiya meylinin azalmasına təsir göstərə bilər.

Bəs gəncləri xaricə üz tutmağa vadar edən əsas amillər hansılardır və bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Sosioloq Üzeyir Şəfiyev Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin karyerası, təhsili və mənzillənmə məsələsi ilə bağlı ictimai müzakirələr gedir:

“Dövlətimizin gənclər siyasəti və bu istiqamətdə strategiyası mövcuddur. Burada gənclərin məşğulluq, mənzillənmə və təhsil məsələləri əhatə olunur. Ölkəmizdə gənclərin xaricdə təhsil alması üçün hər il mühüm addımlar atılır və 500-dən artıq gənc xaricdə təhsil imkanı qazanır. Bu, dövlətin gənclər siyasətinin böyük göstəricilərindən biridir. Eyni zamanda gənclərin məşğulluğu üçün yeni iş yerlərinin yaradılması və işə qəbul zamanı onlara üstünlük verilməsi mühüm addımlardandır. Güzəştli Mənzil Fondu vasitəsilə müxtəlif kateqoriyadan olan gənclərə və gənc ailələrə şərait yaradılır. Əlbəttə, könül istərdi ki, bu imkanlar daha böyük kateqoriyanı əhatə etsin.

Bütün bunlarla yanaşı, əhalinin əsas hissəsini təşkil edən gənclərin maraq dairəsi genişdir. Şübhəsiz ki, bir sıra gənclər xaricdə təhsil almaq, işləmək və karyerasını orada qurmaq düşüncəsindədirlər. Bunun bir çox səbəbi var: həm yüksək gəlirli əmək bazarı, həm də keyfiyyətli təhsil axtarışındadırlar. Bəllidir ki, Avropa və Qərb ölkələrində təhsildə praktiki bilik, bacarıq və səriştələrə daha çox üstünlük verilir ki, bu da gəncləri cəlb edir. Aparıcı universitetlərdə oxumaq arzusu ilə xaricə üz tutan gənclər düşünürlər ki, keyfiyyətli təhsil alıb Azərbaycana qayıtdıqda rəqabətə daha davamlı kadra çevrilə və karyeralarını yüksək səviyyədə qura bilərlər. Çünki ictimai düşüncəmizdə xaricdən, əcnəbi ölkələrdən gələnlərə daha çox üstünlük verilməsi kimi arxetip bir yanaşma var. Gənclər də bu məqamı nəzərə alaraq, xaricdə təhsil alıb ölkədə daha tələb olunan kadra çevrilməyi və ya elə xaricdə qalıb işləməyi hədəfləyirlər”.

Onun sözlərinə görə, digər bir səbəb isə əhalisi qocalmaqda olan Avropa və Qərb ölkələrinin cəledici çağırışlarıdır:

“Bu hal Azərbaycan kimi ölkələrdən həmin dövlətlərə beyin axınını körükləyir. Onlar cəlbedici təhsil və iş elanları ilə gənclərimizi cəlb edirlər. Şübhəsiz ki, bu prosesin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Beyin axını gələcəkdə Azərbaycanın keyfiyyətli əhali potensialına mənfi təsir göstərə, əmək bazarında kadr qıtlığı yarada və ölkəyə miqrant axınını artıra bilər. Necə ki, zərurət yarandığı üçün ölkəmizdə yüksək ixtisaslı əcnəbi kadrların cəlbi ilə bağlı rəsmi addım atıldı. Halbuki həmin sahələr üzrə öz kadrlarımız olsaydı, əcnəbi mütəxəssislərin cəlb edilməsinə ehtiyac qalmazdı.

Deməli, ölkəmizdə təhsilin keyfiyyət göstəricilərini artırmalıyıq. Gənclərin məşğulluğu üçün yüksək əməkhaqqı təminatlı iş yerləri açılmalı, onları Qərbə və Avropaya yönəldən mənəvi mühit ölkəmizdə yaradılmalıdır. Belə olarsa, gənclərin xaricə axınının qarşısını almaq mümkün olar.
Regionlarda yaşayan gənclər üçün də onların yaş psixologiyasına uyğun iş yerləri açılsa, mənzillənmə şəraiti yaradılsa, pay torpaqları və güzəştli kreditlər verilsə, xaricə gedişlərin qarşısı alınar. Azərbaycanda keyfiyyətli əhali potensialına həmişə ehtiyac var. Ona görə də gənclərin tələblərini ödəyən təhsil, iş və digər təminat məsələlərini həll etmək vacibdir.

Açığı, bu axın son vaxtlar bir “bum” xarakteri daşıyır. Sanki gənclər sosial yarışa qoşulublar — qız və ya oğlan fərq etməz, hamı xaricə getmək marağındadır. Burada kütləvi psixologiyanın da rolu var: “O gedibsə, mən niyə getməyim?” düşüncəsi formalaşıb. Bu məsələyə holistik, yəni hərtərəfli və bütöv yanaşma lazımdır. Belə olarsa, gənclərin ölkədə qalıb əmək bazarına töhfə verməsinə nail ola bilərik. Bir sözlə, onları xaricə aparan səbəbləri aradan qaldırmaq lazımdır ki, ölkəmizdə qalsınlar”.

//Gülnarə Abasova, Editor.az