“Sülh məsələsi ilə zarafat etmək olmaz” – Politoloqdan İrəvana mesajbackend

“Sülh məsələsi ilə zarafat etmək olmaz” – Politoloqdan İrəvana mesaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərin normallaşması fonunda ölkəsində qarşıdurma ritorikasının səsləndirilməsindən narahatlığını bildirməsi diqqət çəkir. Eyni zamanda, Paşinyanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin olunmasını vurğulaması kommunikasiya məsələsinin İrəvan üçün də gündəmdə olduğunu göstərir. Onun Ermənistan-Rusiya münasibətlərinin Azərbaycanla sülhün qurulmasından sonra dəyişəcəyinə dair fikirləri isə regiondakı geosiyasi balans baxımından maraq doğurur.

Maraqlıdır, Paşinyanın bu açıqlamaları real olaraq Azərbaycan-Ermənistan sülh prosesində yeni mərhələnin başlanmasına işarədir, yoxsa daha çox daxili və xarici auditoriyaya hesablanmış siyasi mesajdır?

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, göründüyü kimi  BMT-nin 81-ci Baş Assambleyasının işində də dəbdəbəli çıxışlar, vədlər çoxdur:

“Amma real vəziyyət hələ ki dəyişmir. Ermənistanın münasibəti və yanaşması da bundan qaynaqlanır. Nikol Paşinyan özü də, onun ətrafı da çox ümidverici bəyanatlar, fikirlər və ideyalar səsləndirirlər. Lakin Azərbaycanın sülh prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən gözəçarpan səylərin olduğunu deməzdim. Ermənistanın bu prosesə sadiqliyini real addımlarla təsdiqlədiyini də hələ görmək mümkün deyil.

Məsələ burasındadır ki, Ermənistan daxilində çox gərgin bir vəziyyət formalaşır. Parlamentdə yer alan iki partiya var: “Güclü Ermənistan” və “Ermənistan”. Onlar çalışırlar ki, Paşinyanın mövqelərini zəiflətsinlər və ona, ilk növbədə, konstitusiya islahatlarını həyata keçirməyə imkan verməsinlər. O, həmin islahatları Azərbaycana vəd edib. Digər tərəfdən, onun sülh prosesinə yaxınlaşmasına da mane olmağa çalışırlar.

Yəni Azərbaycanla sülh həmin revanşistlərin, radikal qrupların və millətçilərin planlarında yoxdur. Əksinə, onlar daimi müharibənin tərəfdarıdırlar. Bu baxımdan, Ermənistanın rəsmi hakimiyyəti son dərəcə qətiyyətli və dönməz mövqe nümayiş etdirməlidir. Əgər bunu etməsə, onda Paşinyan uduzacaq.

Baxın, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış və paraflanmış sənəddə 17 bənd var. Həmin 17 bəndin heç biri Ermənistan tərəfindən hələ ki real müstəvidə həyata keçirilməyib. Yəni sözlər çoxdur, vədlər çoxdur, amma hərəkət sıfır dərəcəsindədir.

Təbii ki, Ermənistan burada Azərbaycanın belə sağlam yanaşmasından sui-istifadə etməməlidir. Çünki biz Ermənistana benzin və yanacaq veririk, bunun nəticəsində orada qiymətlər aşağı düşür. Daha sonra tranzitlərimizi açmışıq, strateji mallarını bizim xətlərimizlə aparırlar, bizim tranzitlərimizdən istifadə edirlər. Yəni onların tranzitini artıq, necə deyərlər, biz təmin edirik.

Bunlar elə-belə məsələlər deyil. Ermənistana biz artıq özümüz sağlam münasibət göstəririk ki, onlar da bizim münasibətimizdən ibrət götürsünlər. Hakimiyyətin üzərində çox böyük məsuliyyət var və hakimiyyət başa düşməlidir ki, belə bir yanaşma daim davam edə bilməz.

Biz bir addım irəli atırıqsa, onlar da heç olmasa yarım addım atmalıdırlar. Əgər biz bir addım irəli atırıqsa, onların da bizim qarşımızda artıq öhdəlikləri formalaşır və canlanır. Digər tərəfdən, onlar başa düşməlidirlər ki, sülh məsələsi ilə zarafat etmək, eksperiment aparmaq olmaz. Bu, qəti qadağandır”.

Onun sözlərinə görə, sülhdən hamı böyük gözləntilərlə çıxır və belə bir qənaət formalaşır ki, Cənubi Qafqazda yeni geoiqtisadi və geosiyasi vəziyyət yaranacaq və bundan insanlar rifah qazanmalıdırlar.

“Üstünlüklər, həyat tərzində yeni keyfiyyət dəyişiklikləri olmalıdır. Ona görə də Ermənistan burada daha qətiyyətli, daha işgüzar və daha praqmatik mövqe sərgiləməlidir.

İndi, əlbəttə ki, ilk növbədə bütün tələblər, demək olar ki, Nikol Paşinyana ünvanlanır. Çünki hakimiyyətin rəhbəri odur. O, son seçkilərdə qələbə qazanıb və belə olduğu halda həmin qələbənin real dividendlərini artıq dövlətlərarası münasibətlərə, o cümlədən bizimlə münasibətlərə yansıtmalıdır. Onların üstünlüklərini nümayiş etdirməli və bildirməlidir ki, bəli, burada heç bir tərəddüdə yer yoxdur.

Söz vermişiksə, sənədləri imzalamışıqsa, biz onlara sadiqliyimizi qorumalı və üzərimizə düşən işləri məsuliyyətlə həyata keçirməliyik. Hələ ki Azərbaycan dözür, gözləyir və Azərbaycan bilir ki, Ermənistanın artıq sülh prosesindən başqa bir variantı yoxdur.

Onlar bu məsələlərlə bağlı artıq real işlərə başlamalıdırlar. Vaxt çoxdan çatıb”.

// Gülnarə Abasova, Editor.az