Əməkdaşların işə marağını və şirkət daxilində fəallığını artırmaq üçün rəhbərlik müxtəlif motivasiya üsullarından istifadə edə bilər. Ekspertlər bu məqsədlə işçilərə qərarvermə prosesində daha çox sərbəstlik verilməsini və onların şirkətdə real dəyişikliklərə təsir göstərə bilməsini vacib hesab edirlər.
Editor.az xəbər verir ki, “Dinamika” tədbir agentliyinin təsisçisi və brend-direktoru ekspert Aleksandr Şkarupa bildirib ki, əməkdaşların motivasiyasını artırmağın əsas yollarından biri onlara öz işlərinə və iş mühitinə təsir etmək imkanı yaratmaqdır.
Onun sözlərinə görə, işçilərə əsas vəzifələrinə daxil olmayan və ya səmərəsiz hesab etdikləri tapşırıqlardan mənfi nəticələrdən ehtiyat etmədən imtina etmək imkanı vermək onların iş prosesinə münasibətini dəyişə bilər. Bu yanaşmanın əməkdaşlarda nəzarət və məsuliyyət hissini gücləndirməklə yanaşı, həddindən artıq iş yükünün yaratdığı gərginliyi də azaltmağa kömək edə biləcəyi qeyd olunur.
Ekspert ənənəvi olaraq yalnız uğurlu əməkdaşların fərqləndirilməsi əvəzinə, şirkətdə baş verən səhvlərin və uğursuz təşəbbüslərin də açıq şəkildə müzakirə edilməsini təklif edib. Onun fikrincə, bu zaman əsas diqqət səhvin özünə deyil, ondan hansı nəticələrin çıxarıldığına və gələcəkdə oxşar halların qarşısının alınması üçün hansı addımların atıldığına yönəldilməlidir. Belə yanaşma əməkdaşların uğursuzluqları gizlətmək əvəzinə, onlardan öyrənməsinə və yeni ideyalar irəli sürməsinə şərait yarada bilər.
Şkarupa həmçinin əməkdaşlara şirkətdə dəyişdirilməsini zəruri hesab etdikləri proses və ya qaydalardan birini seçmək və bununla bağlı konkret dəyişiklik təşəbbüsü irəli sürmək imkanı verilməsini məsləhət görüb. Onun sözlərinə görə, irəli sürülən təkliflərin real nəticə ilə müşayiət olunması işçilərdə onların fikirlərinin rəhbərlik tərəfindən nəzərə alındığına dair inamı gücləndirə bilər.
Bundan əlavə, müxtəlif struktur bölmələrində çalışan əməkdaşların müəyyən müddət ərzində bir-birinin vəzifələrini yerinə yetirməsi də mümkün üsullardan biri kimi göstərilir. Bu yanaşmanın işçilərə həmkarlarının gördüyü işin xüsusiyyətlərini daha yaxından anlamağa və şirkətin fəaliyyətinə fərqli baxış bucağından yanaşmağa imkan verə biləcəyi bildirilir.
Ekspertin təklif etdiyi digər üsul isə əməkdaşların bir il sonrakı özlərinə məktub yazmasıdır. Belə məktubda işçi gələcək peşəkar məqsədlərini, gözləntilərini və şirkətdəki fəaliyyətinə dair planlarını qeyd edə bilər. Müəyyən müddətdən sonra həmin məktuba yenidən baxılması əməkdaşa öz inkişafını və qarşıya qoyduğu məqsədlərə nə dərəcədə yaxınlaşdığını qiymətləndirməyə imkan verə bilər.
Mütəxəssis hesab edir ki, bu cür yanaşmalar əməkdaşların şirkətdəki rolunu daha aydın dərk etməsinə, təşəbbüskarlığın artmasına və iş prosesində daha fəal iştirak etməsinə şərait yarada bilər.
//Gülnarə Abasova, Editor.az

